AZ

Almaniyada koalisiya hökumətində yer alan partiyalar arasında iqtisadi və sosial islahatlarla bağlı fikir ayrılığı yaranıb

Berlin, 27 aprel, AZƏRTAC

Almaniyada koalisiya hökumətində yer alan Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (CDU/CSU) bloku iqtisadi və sosial sahələrdə daha sürətli islahatların aparılması üçün koalisiya tərəfdaşı Sosial Demokratlar Partiyasına (SPD) təzyiqi artırır.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə fraksiyanın Berlində keçirilən iclası üçün hazırlanmış sənəd layihəsində qeyd olunub.

Sənəddə vurğulanıb ki, iqtisadi artım dövlət maliyyəsinin sabitliyi, sosial təminatın gücləndirilməsi və ölkənin beynəlxalq mövqeyinin qorunması üçün əsas şərtdir. Birlik hesab edir ki, Almaniya iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması üçün vergi və sosial ödəniş yükü azaldılmalı, yüksək enerji qiymətləri və bürokratik maneələr aradan qaldırılmalıdır. Bununla yanaşı, sosial sahədə islahatlar çərçivəsində sosial ödənişlərin sabit saxlanılması və orta müddətdə 40 faizdən aşağı salınması təklif edilir. Fraksiya dövlət xərclərinin gəlirlərə uyğunlaşdırılmasını vacib hesab edərək yeni borclanmanın məhdudlaşdırılmasını tələb edir.

Məlumata əsasən, İttifaq planlaşdırılan vergi islahatlarının maliyyələşdirilməsinin əsasən büdcə xərclərinin azaldılması hesabına həyata keçirilməsini istəyir. Bu yanaşma SPD-nin yüksək gəlirlərə və böyük miraslara əlavə vergi tətbiqinə dair mövqeyi ilə ziddiyyət təşkil edir.

Tərəflər arasında əsas fikir ayrılıqlarından biri də borc siyasəti ilə bağlıdır. SPD iqtisadi risklər fonunda borc məhdudiyyətinin yumşaldılmasını istəyir. Lakin İttifaq buna qarşı çıxır və maliyyə intizamının qorunmasını prioritet sayır.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Seçilən
52
azertag.az

1Mənbələr