AZ

Zaxarova Aİ-nin "maliyyə monitorinqi" adı ilə Ermənistanda seçkiyə müdaxilə edəcəyini bildirdi...



Ermənistanın ikinci prezidenti və baş nazirliyə namizədi Robert Köçəryan Irəvanla Moskva arasındakı münasibətlərin "geri dönüşü olmayan" bir nöqtəyə çatdığını bildirib: “Hər şeyin bir həddi var. Mənə elə gəlir ki, geri dönüşü olmayan nöqtəyə çatmışıq. Və bu baxımdan, Ermənistandakı insanlar sadəcə ağıllarını başlarına yığmalıdır”.

Köçəryan İrəvan və Brüssel arasındakı münasibətlərin perspektivlərini şərh edərkən bildirib ki, Avropa İttifaqı genişlənmə siyasətini donduracaq:“Heç kim Avropa İttifaqı ilə əməkdaşlığa qarşı deyil. Yeri gəlmişkən, mənim dövrümdə Avropa İttifaqı ilə ticarət təxminən Rusiya ilə ticarətlə eyni idi. Amma biz heç vaxt siyasi cəhətdən Avropa İttifaqına doğru irəlilədiyimizi deməmişik. Bu, qeyri-realdır. İkincisi, biz Avropa İttifaqının öz sıralarına daxil etmək niyyətində olmadığı bir bölgədə yaşayırıq... Sadəcə olaraq, Avropa İttifaqının genişlənmə siyasətini tamamilə donduracağına əminəm. Orada çox ciddi bir böhran var; onlar öz kimliklərini, nə istədiklərini və hara getdiklərini müəyyən etməlidirlər”. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl bildirib ki, ölkə bloka qoşulmaq üçün bütün şərtləri yerinə yetirdikdən və Aİ-dən bloku qəbul etməyə hazır olduğunu təsdiqlədikdən sonra Aİ-yə üzvlük üçün müraciət edəcək. O, əlavə edib ki, son illərdə Ermənistan Avropaya inteqrasiya istiqamətində konkret addımlar atıb. Köçəryanın sözlərinə görə isə, Ermənistan Avropa İttifaqına qoşulma perspektivləri tamamilə qeyri-müəyyən olduğu halda, quruma doğru geosiyasi meyl siyasəti yürüdür. O əlavə edib ki, avropalılar İrəvanı Rusiyanı qıcıqlandıran addımlar atmağa təşviq edirlər.

Bunlar fonunda Ermənistanın “Past” nəşri yazır ki, Avropa İttifaqının Ermənistana yeni missiya göndərilməsi ilə bağlı qərarı təbii olaraq Rusiyanın narazılığına səbəb olmalı idi.Nəşrə görə, xüsusilə də Avropa qurumları özləri gizlətmirlər ki, həmin missiya Ermənistana açıq-aşkar anti-Rusiya fonunda göndərilir: “Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Avropa İttifaqı Şurasının Ermənistana yeni mülki missiya göndərilməsi qərarını şərh edərkən bildirib ki, Avropa İttifaqı qanunsuz maliyyə axınlarının monitorinqi və Avropa İttifaqına qarşı kiberhücumlarla mübarizə bəhanəsi ilə Ermənistanın daxili işlərinə müdaxilə etməyə çalışacaq: “Bu, Avropa İttifaqının ölkədə artıq ikinci mülki missiyasıdır. Amma aydındır ki, Avropa İttifaqının guya İrəvana hibrid təhdidlərə qarşı mübarizədə yardım vasitəsi kimi təqdim etdiyi yeni mexanizm Brüsselə erməni nazirlikləri və milli institutlar üzərində əlavə rıçaqlar verəcək. Qanunsuz maliyyə axınlarının izlənməsi və Avropa İttifaqına qarşı kiberhücumlar, informasiya manipulyasiyaları və üçüncü ölkələr tərəfindən informasiya müdaxiləsi ilə mübarizə bəhanəsi ilə Avropa İttifaqı Ermənistanın daxili işlərinə müdaxilə etməyə çalışacaq. Heç bir halda istisna edə bilmərik ki, onlar iyunun 7-də keçiriləcək parlament seçkilərinin nəticəsinə təsir göstərmək istəyəcəklər”, - deyə Zaxarova bildirib. Rusiya tərəfi hələ vaxtilə Ermənistanda Avropa İttifaqının missiyasının yerləşdirilməsi qərarına qarşı idi. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi dəfələrlə narazılığını ifadə edib, hətta həmin missiyanı İran, Azərbaycan və Rusiyaya qarşı casusluq aparmaqda ittiham edib. İndi isə Ermənistan hakimiyyətinə qondarma hibrid hücumlara qarşı mübarizədə yardım etməli olan yeni missiya açıq şəkildə anti-Rusiya siyasətinin aparılması ilə bağlıdır. Təbii haldır ki, Rusiya tərəfinin narahatlığı həmin missiya gəlməmişdən əvvəl də açıq şəkildə ifadə olunur. Moskva həm Avropa İttifaqının bu addımından, həm də Ermənistan hakimiyyətinin yürütdüyü siyasətdən narazılığını gizlətmir”.

Samirə SƏFƏROVA

Seçilən
6
baki-xeber.com

1Mənbələr