AZ

Azərbaycanda pensiyaçılar niyə azalır?

Son illər ən çox müzakirə olunan mövzulardan biri pensiya ilə bağlıdır.

Belə ki, pensiya sistemində mövcud vəziyyət ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Həm pensiya yaşının, həm pensiya kapitalının çox olması, pensiyanın varisə ötürülməsi kimi məsələlər davamlı olaraq müzakirə mövzusudur.

Mütəxəssislərin fikrincə, bizdə hər min nəfərə düşən pensiyaçıların sayı Ermənistan və Gürcüstandakılardan 1.5-2 dəfə azdır. Həmin ölkələrdə də pensiya yaşı Azərbaycanla eynidirsə, niyə bizdə hər min nəfərə düşən pensiyaçıların sayı daha azdır?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, pensiyaçıların yaşına təsir edən bir sıra faktorlar var:

“Həmin faktorlardan ən mühümü əhalinin yaşa görə strukturudur. Azərbaycanda əhali qismən Ermənistan və Gürcüstanla müqayisədə daha gəncdir. Yəni 65 yaşından yuxarı olan əhalinin xüsusi çəkisi Ermənistan və Gürcüstananisbətən daha aşağıdır. Bu faktorlardan biri kimi ortaya çıxır.

İkincisi, hökumətin apardığı sosial siyasət burada təsiredici amillərdən biridir. Xüsusilə də 2017-ci ildə “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikdən sonraAzərbaycan pensiya əlçatanlığında əhəmiyyətli geriləmə baş verdi.

Çünki yeni yanaşma gətirildi. Pensiya kapitalı tələbi, 25 il sığorta stajı tələbi və s. bu kimi məsələlər əslində mövcud pensiya sistemini ciddi şəkildə sarsıtdı. Bu, daha sonrakı mərhələdə əslində əlilliyə görə pensiyanın təyin edilməsi şərtlərinin təkmiləşdirilməsi siyasəti çərçivəsində prosesin daha da mürəkkəbləşməsi və sərtləşdirilməsi ilə müşahidə olundu.

Nəticədə pensiyaçıların sayı 1 milyon 330 min nəfərdən 1 milyon 100 min nəfərə qədər azaldı. Əslində ilbəil bu rəqəm artmalı idi. Bu, Azərbaycanda eyni zamanda digər sosial alətlərin də təsirini özündə ehtiva edən bir nəticədir.

Çünki Azərbaycanda yaşa görə, sosial müavinətin verilməsi mexanizminə keçildi. Sosial müavinətin verilməsi o şəxslərə şamil olunur ki, onlar pensiya hüququ əldə edə bilmirlər. Ancaq minimum məbləğdə müavinət alırlar. Bu kateqoriyanın da sayı ilbəil artmaqdadır”.

Ekspertin sözlərinə görə, görünən odur ki, bu proses çərçivəsində artıq 2017-ci ildə əmək pensiyaları sistemində edilən dəyişikliklər öz ciddi təsirlərini göstərməyə başlayıb:

“Burada digər bir faktor əmək bazarının strukturudur. Dünyanın əksər ölkələrində pensiya hüququnun əldə edilməsi sığorta əsaslı fəaliyyətlərdən qaynaqlanan, məsələn, muzdlu çalışanlar, əmək müqaviləsinə əsasən pensiyaçıların 70-80 faizini təşkil edir.

Ancaq Azərbaycanda əmək bazarının qeyri-leqal hissəsinin Gürcüstan və Ermənistana nisbətən daha geniş, çox olması da burada təsiredici amillərdən biridir. Çünki yaş 65-ə çatdıqda vətəndaş sığorta ödəməyib, pensiya kapitanını yerinə yetirə bilmir və pensiya hüququndan faydalana bilmir.

Dolayısı ilə ən yaxşı halda yaşa görə müavinətlə kifayətlənməli olur. Burada pensiya sisteminin təşviqedici olmaması, eyni zamanda əmək bazarının illeqal olması, sosial siyasətlərin parametrlərində fərqlər və s. kimi bir çox amillər buna öz təsirini göstərir.

Bu, əslində özcədən proqnozlaşdırılırdı. 2017-ci il və sonrakı dövrdə ortaya qoyulan pensiya sistemi ilə əlaqədar siyasətin bu nəticələrə gətirib çıxaracağı əvvəlcədən gözlənilirdi”.

Seçilən
12
turkustan.az

1Mənbələr