AZ

Mədəni qastrol proqramı çərçivəsində Zaqatalada kamera musiqisi axşamı

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Zaqatala, 27 aprel, AZƏRTAC

Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı davam edir. Proqram çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Bakı Dövlət Kamera Orkestri aprelin 27-də Zaqatalada konsert proqramı ilə çıxış edib.

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Zaqatala rayon Mədəniyyət Mərkəzində təşkil olunan konsertdə orkestrin ifasında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Asəf Zeynallı, Vasif Adıgözəlov, Aqşin Əlizadə və digər bəstəkarların əsərləri səsləndirilib. Konsert proqramı tamaşaçıların ürəyincə olub.

Qeyd edək ki, qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.

Qastrol proqramı çərçivəsində Azərbaycanın müxtəlif şəhər və rayonlarında ümumilikdə 30-a yaxın konsert və bədii proqramın təqdim olunması planlaşdırılır. Layihəyə təxminən 1200 sənətçi və yaradıcı heyət üzvünün cəlb edilməsi nəzərdə tutulur ki, bu da təşəbbüsün geniş auditoriyanı və böyük coğrafiyanı əhatə etdiyini göstərir.

Müxbir – Mustafa Dadaşov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
12
azertag.az

10Mənbələr