AZ

AKİA-nın sədri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib  

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Yalçın Camalov Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi, güzəştli şərtlərlə texnika, heyvan alışı və digər məsələlərlə bağlı olub. AKİA-nın sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbul zamanı fermerlərə Aqrar Subsidiya Şurasının qəbul etdiyi və xüsusi ilə Naxçıvan üçün müəyyən olunan subsidiya əmsalları, kənd təsərrüfatı texnika və avadanlıqlarının satışına tətbiq edilən dövlət güzəştləri, aqrar təyinatlı kredit məhsulları barədə ətraflı məlumat verilib.

Yalçın Camalov vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra AKİA-nın sədri rayonun Yurdçu kəndi ərazisində yerləşən, fermer Rəşad Əhmədova məxsus istixana kompleksinin fəaliyyəti ilə tanış olub. Fermerlərlə görüşdə aqrar sahədə innovativ texnologiyaların tətbiqi, təsərrüfatın inkişafı ilə bağlı dövlət dəstəyi mexanizmləri və aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
42
azerbaijan-news.az

1Mənbələr