AZ

MİDA evlərinə görə vətəndaşlardan pul almaqda ittiham edilən qadınlar yenidən məhkəmə qarşısında

Bakıda vətəndaşlara sosial (güzəştli) evlərin verilməsində köməklik edəcəyi ilə bağlı vəd verərək dələduzluq etməkdə təqsirləndirilən Xəyalə Əliyeva və Arzu Nağıyevanın barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.


İttihama görə, təqsirləndirilən şəxslər Yasamalda MİDA tərəfindən inşa edilən evlərdən vətəndaşlara güzəştli mənzil almaq adı ilə müxtəlif məbləğlərdə pul vəsaiti ələ keçiriblər. Cinayət işi üzrə 9 nəfər zərərçəkmiş tanınıb və ümumi zərər 154 min manat təşkil edib.


İş materiallarına əsasən, qanunsuz planın əsas hissəsini Xəyalə Əliyeva həyata keçirib. Arzu Nağıyeva isə ona müştəri tapdığı üçün faiz alıb. Arzu ev alqı-satqısı ilə məşğul olub. Xəyalə Əliyeva isə daha əvvəl də dələduzluğa görə məhkumluq alıb və son olaraq güzəllik salonu işlədirmiş. O, aldadılmış şəxslərin bir qismini elə salonun müştəriləri kimi tanıyıb.


İstintaq dövründə zərərçəkmişlərə dəymiş zərər ödənilməyib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Xəyalə Əliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Eyni ittihamla mühakimə olunan, lakin ev dustaqlığında saxlanılan Arzu Nağıyeva isə şərti cəza alıb. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Arzu Nağıyeva barəsində bəraət hökmü çıxarılıb. Xəyalə Əliyevanın 8 il azadlıqdan məhrumetmə cəzası 3 ay azaldılıb.
 

Kamal Məmmədov 

Tarix: 28 Aprel 2026, 08:55   
Seçilən
21
19
pravda.az

10Mənbələr