AZ

Təvəkkül Səlimov: “Cavanlar başsızlığı, yiyəsizliyi görüb, içkini bəhanə edib, içlərindəki neqativ hissləri belə yolla çıxarmağa çalışırlar”

“Sovet dövründə, xüsusilə, 1941-1945-ci, 1950-ci illərdə toy mərasimlərində tədricən spirtli içki verilib. 15-20 il bundan əvvəl içki olan toylarda daha çox mübahisələr, narahatlıq olurdu, nəinki son zamanlar. Özüm də həm mağar, həm də şadlıq evlərində keçirilən toylarda iştirak edirəm. İnanın, son bir neçə ildə toylarda gənc oğlanların içki içmələri xeyli azalıb, nəinki 15-20 il bundan əvvəl. Əlli ildir, toydan, nişandan yazan adamam, toyla bağlı qalaq-qalaq kitablarım çıxıb. Müşahidə edirəm, içən kimi insanın beyni dumanlanır, narahatlıq yaranır. Bu, bugünün hadisəsi deyil. Hərdən şişirdilir ki, içki olan Bakı toylarında dava-dalaş olur. Öz evlərində oturub yeyib-içəndə də narahatlıq əmələ gəlir... Belə şeyi toyun üzərinə atmaq düzgün məntiqli deyil. Həqiqət budur ki, içkinin nəticəsi pis olur. İçilməsə, heç olmasa az içilsə, yaxşı olar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında tarix elmləri doktoru, professor Təvəkkül Səlimov deyib.

 

O bildirib ki, əvvəllər toylara yaşlılar da gedərdilər: “İndi şadlıq evinə, toyxanaya baxırsan, görürsən ki, ancaq gənclərdir. 50-60 yaşlı adamlara təsadüf edilmir. Nəticədə, neqativ hərəkətlərə yol verirlər. Məclisdə ağsaqqal olsa, camaatımız elə də kobud, qanmaz deyil ki, yaşlı adamların yanında içkini həddindən artıq içə, nəticəsi pis ola, dava salalar. Belə olanda cinayət əməlləri də artır. Yaşlı kişilər toyda olanda oğlanlar da ehtiyat edirlər, qızlar da özlərini yığışdırırlar. Adicə məktəbə gedib görürsən ki, iki-üç nəfər kişi müəllim qalıb. Onlar da özlərini elə aparırlar ki, elə bil, həç nəyi görümürlər, nəyəsə müdaxilə etmək fikrində olmurlar. O cümlədən orta yaşlı adamlarımız toylara getmirlər. Bəzisi öz oğlunu göndərir, o da pul yazıdırıb gəlir. Cavanlar da başsızlığı, yiyəsizliyi görüb, içkini bəhanə edib, içlərindəki neqativ hissləri belə yolla çıxarmağa çalışırlar”.

 

Aytəkin Qardaşova

Tarix: 28 Aprel 2026, 10:12   
Seçilən
4
24
pravda.az

10Mənbələr