AZ

Azərbaycan Çexiya əməkdaşlığı genişlənir

Azərbaycanın xarici siyasət kursunda çoxtərəfli münasibətlər sistemi üstünlük təşkil edir. Ölkəmiz dünya dövlətləri ilə əməkdaşlıq əlaqələrini genişləndirərək beynəlxalq arenada öz mövqeyini möhkəmləndirir. Xüsusilə “Qoca qitə” ölkələri ilə əməkdaşlıq formatları iqtisadi və enerji sahələrində uğurla inkişaf edir. Bu baxımdan, Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəri Azərbaycanın Avropanın önəmli tərəfdaşlarından biri olduğunu bir daha təsdiqlədi. Dost ölkənin liderinin ölkəmizə gəlişi siyasi dialoqun dərinləşməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaratmaqla yanaşı ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi baxımından da səmərəli oldu.

Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O qeyd edib ki, Çex Respublikası ilə əlaqələrimiz normal və sabit xarakter daşıyır. Azərbaycan Çex Respublikası üçün mühüm strateji tərəfdaşdır. Baş nazirin bildirdiyi kimi ölkələrimiz arasında səmimi dostluq münasibətləri mövcuddur və rəsmi Praqa iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinin, eləcə də qaz təchizatı sahəsində Azərbaycanla uzunmüddətli müqavilələrin bağlanmasının tərəfdarıdır.

Keçirilən görüşlər və imzalanan sənədlər onu göstərir ki, Azərbaycan ilə Çex Respublikası arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Siyasi dialoqun fəal olması tərəflər arasında qarşılıqlı etimadı gücləndirir və müxtəlif sahələrdə əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Prezident bəyanatında qeyd etdi ki, hazırda ölkələr arasında çox fəal siyasi dialoq mövcuddur və regional, ikitərəfli, eləcə də qlobal xarakterli məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Ölkəmizin başçısı ticarət dövriyyəsinin artırılması və onun daha balanslı strukturunun təmin edilməsinin əsas hədəflərdən biri olduğunu diqqətə çatdıraraq iqtisadi və enerji sahələrində qarşılıqlı marağın uzunmüddətli tərəfdaşlığın formalaşmasına və münasibətlərin strateji səviyyəyə yüksəlməsinə mühüm zəmin yaratdığını qeyd etdi.

Baş nazir Andrey Babişin səsləndirdiyi fikirlər isə Azərbaycan ilə Çex Respublikası arasında əməkdaşlığın real nəticələrini göstərdi. Cənab Baş nazir xüsusilə Azərbaycanın Çexiyanın neft təchizatında mühüm rol oynamasını vurğulayaraq idxalın 42 faizinin Azərbaycandan təmin olunduğunu, bundan əlavə 50 şirkətdən ibarət nümayəndə heyətinin Azərbaycana səfər etdiyini və böyük iqtisadi qrupların ölkəmizdə fəaliyyətə maraq göstərdiyini qeyd etdi. Bu da onu göstərir ki, əməkdaşlıq enerji sahəsi ilə yanaşı sənaye, istehsal, elm və təhsil kimi sahələrə də genişlənir və artıq müsbət nəticələr verir. 

Deputat sonda qeyd edib ki, dövlət başçılarının iştirakı ilə təşkil olunan Azərbaycan Çexiya biznes forumu iki ölkə arasında mövcud münasibətlərin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Şərq ilə Qərb, həmçinin Şimal ilə Cənub arasında etibarlı və təhlükəsiz tranzit imkanları təqdim edərək strateji məkana çevrilib və etibarlı tərəfdaş kimi beynəlxalq mövqeyini gücləndirib. Andrey Babišin səfərinin isə qarşılıqlı iqtisadi əməkdaşlığın genişlənməsinə, yeni investisiya imkanlarının yaranmasına və əlaqələrin inkişafına təkan verəcəyi şübhə doğurmur.

Seçilən
21
50
xalqqazeti.az

10Mənbələr