AZ

"Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır"

Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycan Respublikasına səfər etmişdir. Bu səfər iki ölkə arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addım kimi yüksək qiymətləndirilir.

Keçirilən görüşlər və imzalanan sənədlər onu göstərir ki, Azərbaycan ilə Çex Respublikası arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu sözləri Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında səsləndirib.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. O cümlədən Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir.

Azərbaycan ilə Çex Respublikası arasında münasibətlər son illərdə sürətlə inkişaf edərək qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir. Bu əməkdaşlıq siyasi dialoq, iqtisadi əlaqələr, enerji təhlükəsizliyi və mədəni-humanitar sahələri əhatə edən çoxşaxəli bir platforma üzərində qurulub.

Azərbaycan ilə Çexiya arasında diplomatik münasibətlər qarşılıqlı hörmət və suverenliyə əsaslanır. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir və regional təhlükəsizlik, sabitlik və inkişaf məsələlərində oxşar mövqelər nümayiş etdirir. Yüksək səviyyəli rəsmi səfərlər və görüşlər tərəfdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verir.

İqtisadi sahədə Azərbaycan Çex Respublikası üçün mühüm tərəfdaşlardan biridir və bu əməkdaşlıq son illərdə daha da genişlənmişdir. İki ölkə arasında iqtisadi münasibətlər əsasən enerji, sənaye, nəqliyyat və investisiya sahələrini əhatə edir.

Ən önəmli istiqamətlərdən biri enerji sektorudur. Azərbaycan zəngin neft və qaz ehtiyatları ilə Avropa ölkələrinin, o cümlədən Çexiyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Çexiya Azərbaycanın enerji resurslarının idxalında maraqlı olmaqla yanaşı, enerji layihələrində iştirak etməyə də xüsusi diqqət yetirir.

Azərbaycanın Avropaya enerji ixracı Çexiya üçün xüsusi əhəmiyyət daşıyır. Xəzər regionundan gələn enerji resursları Avropanın alternativ enerji mənbələrinə çıxışını genişləndirir və enerji təhlükəsizliyini gücləndirir. Bu baxımdan Azərbaycan Çexiya üçün yalnız ticarət tərəfdaşı deyil, həm də strateji enerji tərəfdaşı kimi çıxış edir.

Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri, iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə inamı gücləndirən əlamətdar hadisə kimi yadda qaldı.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

 

Seçilən
43
1
redaktor.az

2Mənbələr