AZ

Piyadaların məsuliyyəti və cərimələr: ekspertdən açıqlama

Son dövrlərdə piyadaların yol hərəkəti qaydalarını pozması və bununla bağlı tətbiq olunan cərimələr yenidən müzakirə mövzusuna çevrilib. Məsələ ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev QHT.az- a açıqlamasında piyadaların məsuliyyəti və təhlükəsizlik məsələlərinə toxunub.

Ekspert qeyd edib ki, piyadalara da cərimələr nəzərdə tutulur və əgər onlar müəyyən edilmiş yerdən keçmirlərsə, qaydalara uyğun davranmırlarsa, 20 manat məbləğində cərimə tətbiq olunur. Əvvəllər polis tərəfindən bu istiqamətdə reydlər keçirilib və piyadaların cərimələnməsi müəyyən narazılıqlara səbəb olub. Onun sözlərinə görə, “ictimaiyyətdə belə fikir formalaşmışdı ki, piyadalar yol hərəkəti iştirakçıları arasında ən həssas tərəfdir və onlara cərimə tətbiq olunması düzgün deyil. Reallıqda piyadaların vurulması hallarının böyük hissəsi məhz onların səhlənkarlığı ilə bağlıdır: “Piyadalar çox vaxt müəyyən edilməmiş yerlərdən keçirlər və ya yolu keçərkən diqqətsiz davranırlar”.

Bu məsələdə həm sürücülərin, həm də piyadaların məsuliyyəti var. “Bəzən infrastruktur problemləri, bəzən sürücülərin diqqətsizliyi, bəzən isə piyadaların məsuliyyətsizliyi belə hallara səbəb olur”.

Ekspert bildirib ki, bu cür hadisələr hər kəsi narahat edir: “Piyadaların vurulması və həlak olması ilə bağlı xəbərlər hamımızı təəssüfləndirir”.

Onun sözlərinə görə, hər bir yol hərəkəti iştirakçısı öz məsuliyyətini dərk etməlidir: “Piyadaların məsuliyyətsizliyi bəzən onların həyatına başa gəlir.Şəhərlərin daha çox piyada yönümlü olması istiqamətində addımlar atılsa da, bu keçid dövründə sürət həddinə də diqqət yetirilməlidir”.

“Amma elə əsas yollar var ki, məsələn, Hava Limanı yolu və Heydər Əliyev prospekti kimi magistrallarda sürəti çox aşağı salmaq mümkün deyil. Buna görə də piyadalar öz təhlükəsizliklərini daha çox nəzərə almalıdırlar”, – deyə ekspert vurğulayıb.

Zəhra Ağayeva

Seçilən
37
qht.az

1Mənbələr