AZ

Beynəlxalq ekspert: HACCP-ın tətbiqi Azərbaycan şirkətlərinə beynəlxalq standartlara uyğun fəaliyyət imkanı yaradır

Bakı, 28 aprel, AZƏRTAC

Qida təhlükəsizliyi üzrə beynəlxalq ekspert Anna Vasylenko bildirib ki, HACCP qida təhlükəsizliyinin davamlı şəkildə təmin olunması və təhlükəsiz qida istehsalının təşkili baxımından ən effektiv və etibarlı mexanizmlərdən biridir. Onun sözlərinə görə, qida zəncirində fəaliyyət göstərən bütün müəssisələr üçün bu sistem təhlükələrin əvvəlcədən müəyyən edilməsi və idarə olunmasına imkan yaradır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, HACCP-ın tətbiqi Azərbaycan şirkətlərinə beynəlxalq səviyyədə qəbul olunmuş standartlara uyğun fəaliyyət göstərməyə imkan yaradır. Bu isə yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasına və ixrac potensialının genişlənməsinə töhfə verir.

Vasylenko, həmçinin vurğulayıb ki, qida təhlükəsizliyi yalnız istehsal mərhələsi ilə məhdudlaşmır, bu proses obyektlərin düzgün planlaşdırılması, layihələndirilməsi və tikintisi mərhələsindən başlayır və qida zəncirinin bütün mərhələlərini əhatə edir. Bu kimi tədbirlər qida təhlükəsizliyi sahəsində qabaqcıl təcrübələrin paylaşılması və tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, AQTA və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Təhlükəsiz qidanın memarlığı” mövzusunda konfrans çərçivəsində HACCP (Təhlükələrin Təhlili və Kritik Nəzarət Nöqtələri) sisteminin əhəmiyyəti əsas müzakirə mövzularından biri olub.

Seçilən
58
1
azertag.az

2Mənbələr