AZ

Süni intellekt qrantların verilməsi sahəsini necə dəyişir?

Süni intellekt artıq inkişaf sektorunun demək olar ki, bütün sahələrinə daxil olub və qrantların verilməsi (grantmaking) də istisna deyil. Bu texnologiyanın praktikada necə tətbiq olunacağı və hansı nəticələr doğuracağı məsələsi isə həm donorlar, həm də qrant yazanlar üçün hələ də müzakirə mövzusudur.

Mütəxəssislər bildirirlər ki, əsas suallar bunlardır: Süni intellekt maliyyənin bölüşdürülməsində qərəz yaratmadan necə istifadə oluna bilər? Səmərəliliklə müraciətlərin “insani tərəfi” arasında balans necə qorunmalıdır? Süni intellektin rolu harada bitir və insan əlaqələri harada başlayır?

QHT.az xarici mediaya istinadən bildirir ki, Kentin Universitetinin Xeyriyyəçilik Mərkəzində tədqiqatçı və “Why Philanthropy Matters” təşəbbüsünün rəhbəri Rodri Devis qeyd edib ki, süni intellekt çoxşaxəli texnologiyadır və onun təsiri genişdir: “Bu texnologiyanın tətbiqi ilə bağlı müzakirələr çox geniş olmalıdır – ChatGPT kimi alətlərlə maliyyə toplamaq üçün mətn yazmaqdan tutmuş, onun fəaliyyət göstərdiyimiz icmalara necə təsir edəcəyinə qədər hər şey nəzərə alınmalıdır”.

ABŞ-da qeyri-kommersiya təşkilatları arasında aparılan son sorğuya görə, onların 60%-dən çoxu süni intellektin qrant yazılması və maliyyə toplama proseslərinə necə dəstək ola biləcəyini araşdırır. Həm fondların, həm də qeyri-kommersiya təşkilatlarının təxminən üçdə ikisi artıq bu texnologiyadan müəyyən səviyyədə istifadə edir.

Bununla belə, ekspertlər vurğulayır ki, qrantların verilməsi sahəsində süni intellektin tətbiqi hələ ilkin mərhələdədir. Rodri Devisin sözlərinə görə, bu texnologiya cəmi son beş ildə elmi fantastikadan real alətə çevrilib.

Zəhra Ağayeva

Seçilən
54
qht.az

1Mənbələr