AZ

Zohran Mamdani fenomeni: ritorika və ABŞ Azərbaycan münasibətlərinə mümkün təsirlər

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Keçən il Nyu-York şəhərinin mer seçkilərində Zohran Mamdani qalib gəldikdən sonra həm beynəlxalq ictimaiyyətdə, həm də Azərbaycanda bu hadisəyə müxtəlif reaksiyalar verildi. Bir sıra dairələr onun seçilməsini ABŞ siyasi həyatında yeni mərhələ kimi qiymətləndirdi.

Lakin bu mövqelərə qarşı tənqidi yanaşmalar da mövcuddur. Mamdaninin siyasi baxışları və bəzi açıqlamaları, xüsusilə Türkiyə və Azərbaycanla bağlı səsləndirdiyi fikirlər mübahisə doğuran məqamlar kimi təqdim olunur.

Eyni zamanda bu proses ABŞ daxili siyasətində Demokratlar Partiyasının gələcək istiqaməti ilə bağlı müzakirələri gücləndirib. Bəzi analitik baxışlara görə, belə fiqurların yüksəlişi partiyanın siyasi kursunda ziddiyyətli tendensiyaların artmasına işarə edə bilər.

“Zohran Mamdani kimi siyasi fiqurların Türkiyə və Azərbaycanla bağlı səsləndirdiyi iddialar ABŞ–Azərbaycan münasibətlərinə və ümumilikdə ölkəmizin beynəlxalq imicinə necə təsir göstərə bilər?”

Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Nyu-York şəhərinin meri ABŞ xarici siyasətini birbaşa müəyyən edən fiqur deyil. Ona görə də istənilən şəxsin, o cümlədən Zohran Mamdani kimi ideoloji çıxışları ilə seçilən bir siyasətçinin seçilməsi ABŞ–Azərbaycan münasibətlərinə birbaşa, struktur səviyyəli təsir göstərə bilməz. Amma bu, ümumiyyətlə təsirsiz olduğu anlamına da gəlmir.

Belə fiqurların Türkiyə və Azərbaycanla bağlı tənqidi bəyanatları daha çox ictimai rəyə və media müzakirələrinə təsir edir. “Xüsusilə ABŞ-da sol-liberal çevrələrdə insan haqları, demokratiya və regional münaqişələrlə bağlı mövqelər ön plandadır. Bu çərçivədə səslənən fikirlər Azərbaycanın beynəlxalq imicinə müəyyən mənfi çalarlar əlavə edə, akademik və media mühitində narrativlərin formalaşmasına təsir göstərə bilər. Amma bu təsir daha çox “yumşaq güc” müstəvisində qalır.

Siyasi elitaya dolayı təsir məsələsinə gəldikdə isə, əgər bu tip siyasətçilər tək-tək fiqurlar olaraq qalırsa, təsir məhdud olur. Lakin onların təmsil etdiyi xətt Demokratlar Partiyası daxilində genişlənərsə, Konqresdə tənqidi yanaşmalar arta, sanksiya çağırışları və ya şərtli əməkdaşlıq ideyaları güclənə bilər. Həmçinin xarici yardım və təhlükəsizlik əməkdaşlığı məsələləri daha çox siyasi şərtlərə bağlana bilər. Bu isə artıq ritorikadan çıxaraq institusional təsirə çevrilə bilər. Ancaq ABŞ–Azərbaycan münasibətlərinin real dayaqları fərqli yanaşma tələb edir”, – deyə politoloq bildirib.

Politoloqun fikrincə, ABŞ–Azərbaycan münasibətlərində bir neçə sabit və əsas faktor mövcuddur. Bunlara enerji təhlükəsizliyi, yəni Xəzər resursları və Avropaya alternativ marşrutlar, regional təhlükəsizlik, o cümlədən Cənubi Qafqaz, İran faktoru və Orta Asiya bağlantıları, eləcə də logistika və tranzit imkanları, xüsusilə TRİPP və Orta Dəhliz kimi layihələr daxildir.

Politoloq hesab edir ki, bu maraqlar ABŞ siyasətində daha realist yanaşmanı qoruyur və emosional ritorikanın təsirini balanslaşdırır. Əgər ABŞ-da yeni siyasi fiqurların ümumi xətti daha sərt və dəyərlər əsaslı xarakter alarsa, ikitərəfli dialoq daha tənqidi ton ala, diplomatik gərginlik epizodik olaraq arta bilər. Bu cür vəziyyət artıq Co Bayden dövründə müşahidə olunub.

Amma tam qopma ehtimalı aşağıdır. Çünki qarşılıqlı maraqlar əsas olaraq qalır. Zohran Mamdani kimi fiqurların çıxışları isə daha çox simvolik və diskursiv təsir yaradır. Onların real təsiri yalnız o halda ciddi ola bilər ki, bu yanaşma ABŞ siyasi sistemində geniş dəstək qazansın və konkret siyasət alətlərinə çevrilsin”, – deyə Anar İsayev qeyd edib.

İradə Cəlil, Bizimyo.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
96
50
bizimyol.info

10Mənbələr