AZ

Rəşad Bayramov: “Andrey Babişin səfəri Azərbaycana Avropa İttifaqı daxilində daha praqmatik kanallara çıxış baxımından yeni imkanlar açır”

“Çexiyanın baş naziri Andrey Babişin Azərbaycana səfəri, iki ölkə münasibətlərində daha praktik və nəticəyönümlü əməkdaşlıq mərhələsinə keçid siqnalı kimi qiymətləndirilə bilər. Bu səfər həm Avropa İttifaqı kontekstində Azərbaycanın mövqeyini gücləndirir, həm də Çexiyanın enerji və iqtisadi təhlükəsizlik strategiyası baxımından Bakı ilə əlaqələri daha sistemli hala gətirir. Burada əsas məqam ondan ibarətdir ki, münasibətlər qarşılıqlı fayda və funksional əməkdaşlıq üzərindən inkişaf edir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

 

O bildirib ki, Avropa İttifaqı daxilində Rusiya enerji resurslarından asılılığın azaldılması siyasəti fonunda Azərbaycan qazı strateji alternativ kimi önə çıxır: “İlk və ən vacib istiqamət təbii ki, enerji sektorudur. Çexiya üçün bu, təkcə enerji diversifikasiyası deyil, həm də qiymət və təchizat təhlükəsizliyi baxımından mühüm üstünlükdür. Azərbaycan isə bununla Avropa enerji bazarında mövqeyini daha da gücləndirir. İkinci mühüm istiqamət ticarət və sənaye əməkdaşlığıdır. Çexiya sənaye istehsalı, maşınqayırma, avtomobil komponentləri, enerji texnologiyaları və müdafiə sənayesi sahələrində güclü ixrac potensialına malikdir. Bu təcrübə Azərbaycan üçün iqtisadi diversifikasiya baxımından əhəmiyyətlidir. Xüsusilə qeyri-neft sektorunun inkişafı, sənaye parklarının texnoloji modernizasiyası və istehsal zəncirlərinin təkmilləşdirilməsi sahəsində Çexiya şirkətləri real tərəfdaş ola bilər”.

 

R.Bayramov qeyd edib ki, digər vacib istiqamət logistika və nəqliyyatdır və Azərbaycan artıq Şərq–Qərb ticarət xəttində mühüm tranzit ölkə kimi formalaşır və Orta Dəhliz bu prosesin əsas sütunlarından biridir: “Çexiya kimi Mərkəzi Avropa ölkələri üçün bu marşrut Çin, Mərkəzi Asiya və Avropa arasında alternativ ticarət xətti rolunu oynayır. Bu əməkdaşlıq Azərbaycan üçün tranzit gəlirlərinin artması, logistika infrastrukturunun güclənməsi və beynəlxalq nəqliyyat qovşağı statusunun möhkəmlənməsi deməkdir. Ən nəhayət diplomatik və siyasi koordinasiya məsələsini də qeyd etmək yerinə düşər. Çexiya Avropa İttifaqında nisbətən praqmatik yanaşması ilə seçilən ölkələrdən biridir. Bu, Azərbaycanın Brüssel strukturları ilə dialoqunda əlavə kanal rolunu oynaya bilər. Yəni Çexiya açıq şəkildə siyasi ittifaq yaradan aktor olmasa da, balanslaşdırıcı və vasitəçi funksiya daşıya bilər. Babişin səfəri ikitərəfli münasibətlərdə həm enerji əməkdaşlığının dərinləşməsi, həm iqtisadi-ticarət əlaqələrinin genişlənməsi və eyni zamanda Azərbaycanın Avropa İttifaqı daxilində daha praqmatik kanallara çıxışı baxımından yeni imkanlar açır”.

 

Şəhanə Quliyeva

Tarix: 28 Aprel 2026, 15:13   
Seçilən
85
pravda.az

1Mənbələr