Sonra yolumuz "İki Sahil" qəzetində kəsişdi. Əziz millət vəkilimiz Vüqar Rəhimzadə indi olduğu kimi o vaxt da gənclərin təmənnasız hamisi idi. Vüqar müəllimlə ağsaqqalımız İsmayıl Hacıyev qəzetin qapı-pəncərəsini taybatay üzümüzə açmışdı. Yazıb-yaradır, imzamızı tanıdırdıq. "İki Sahil" iki dostun görüş yeri idi.Sonra "Bu gün" qəzetində bir yerdə işlədik. Hormətli Nəsib İsmayılov yazıb-yaratmaq eşqi ilə alışıb-yanan bütün istedadlı gəncləri bir araya gətirmişdi. Etibar Cəbrayıloğlu, Müşfiq Ələsgərli, Vüsalə Mahirqızı, Nadir Azəri, Əfqan Qafarlı, Mənsurə Səttarova, Zaur İbrahimli, Sahibə Gəncəli, Sevda Əsgərova, Rəvan Soltanov kimi istedadlı gənclər ölkənin ən çox oxunan qəzetini çıxarırdı. İmzalar içində, onun da, mənim də imzam vardı. Nadir Azəri ölkədə birinci olan o məşhur qəzetdə ikinci adam idi. Baş redaktorun birinci müavini kimi yükun çoxu onun çiynində idi. Amma öhdəsindən məharətlə gəlirdi. Hörmətli həmkarımız, ustad jurnalist Əminə Yusifqızı onu “Kür”də yaxşı yetişdirmişdi. İşi nə qədər çox olsa da, hamının hayına yetişirdi…
Nadir dostumuz təkcə qəzetin yox, həm də bizim yükümüzü çəkirdi. Onun Bakı Sosial İdarəetmə və Politologiya İnstitunun yataqxanasındakı birotaqlı mənzili redaksiyanın subay əməkdaşlarının ən çox üz tutduğu məkan idi. Bilirsiniz, maraqlı olan nədir? Axşam hamıdan sonra yatan Nadir səhər hamıdan erkən qalxırdı. İşə çatanda məlum olurdu ki, gecə biz yatandan sonra ən azı iki məqalə yazmağa macal tapıb. Yaxasından asdığı o medallar Nadirə qara qaşına, qara gözünə görə verilməyib. Nadir bütün mükafatları yuxusuz keçirdiyi gecələrin sayəsində alıb. Rəhmətlik Nəbi dayı oğlanlarına yaxşı təhsildən əvvəl yaxşı tərbiyə verib, onlara halal qazancla yaşamağın yollarını öyrədib. Nəbi İsmayılov kimi zəhmətkeş atanın, heç vaxt haqqı nahaqqın ayağına verməyən el ağsaqqalının övladları məhz belə olmalıdır - Nadirlə Süleyman kimi... Nadir Azəri təkcə istedadlı jurnalist, vəfalı dost deyil, həm də gözəl ailə basçısı, etibarlı övladdır. Yaxşı yadımdadı, rəhmətlik Nəbi dayı xəstə olanda Nadir həftələrlə xəstəxananı tərk etmədi. Nadiri, Süleymanı axtaranlar onları xəstə atalarının yatağının yanında tapırdı. Ölüm haqdır. Doğma övladların qollarında gözlərini yummaq, onların çiynində son mənzilə getmək isə xoşbəxtlikdir. Mənim tanıdığım qardaşlar xəstə atalarını son nəfəsində belə xoşbəxt edə bildilər...Aradan aylar, illər keçsə də, bizim Nadir yenə 30 il əvvəlki şövqlə yazıb-yaradır. Onun enerjisi bitib-tükənmir. Xaricdə təhsil alan iki ağıllı övladının - Şəmsiyənin və Nihatın yaxşı oxuması, peşəkar kadr kimi Vətənə dönməsi, əziyyət çəkməməsi üçün Nadir gecəsini gündüzünə qatıb. Alnının təri, gözünün nuru ilə balalarına təhsil verir. Ana ürəyinə çox şeirlər, poemalar həsr olunub. Şair olsaydım, mən də "Ata ürəyi" adlı poema yazardım. Və tərəddüd etmədən, həmin əsəri Nadir Azəriyə həsr edərdim.
Onun böyük ürəyi var. Onun ürəyinə balaca Kıbrısdan tutmuş böyük Türküstana qədər ucsuz-bucaqsız çöllər, əngin səmalar sığıb. Onun böyük ürəyində Yakutiyada yaşayan igid Timirdən, gözəllər gözəli Nariyanadan tutmuş dostları Azərə, Əkbərə, əziz qonşuları Valehə, Zahidə, Aqilə, Qalibə kimi hamıya yer var. Bütün yaxşı insanlara Nadirin ürəyində yer var. Allah ürəyinə görə versin, dost!
Nadir Azəri həm də fəal ictimai xadim, tanınmış QHT rəhbəri, savadlı politoloqdur. Uzun illərdi ölkənin ən aparıcı QHT-lərindən olan CASFEN-ə rəhbərlik edir. 2022-ci ilin soyuq qış günlərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyasında Nadir də yaxından iştirak edirdi. Şaxtanın qılınc kimi kəsdiyi o soyuq gecələrdə Nadir Azəri pozucu, təxribatçı, talançı erməni quldurlarının yolunu kəsmişdi… O, neçə illərdi həm də Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvüdür. Tez-tez yerli və xarici mediada analitik məqalələrlə, dəqiq analizlərlə çıxış edir. Onun ilhamı bulaq kimi qaynayır...Bu bulağın suyu ilə hələ çox pöhrələr ağac olacaq, çox ağaclar bar verəcək.Bərəkətli olsun! Seymur Verdizadə