Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə yanaşı üzv dövlətlərlə ayrı ayrılıqda səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Çexiyanın Baş naziri Andrey Babişin ölkəmizə səfəri və aparılan danışıqlar Azərbaycanın Avropa siyasi məkanında artan nüfuzunun, rəsmi Bakı ilə iqtisadi və enerji sahəsində əməkdaşlığa can atanların sayının artdığını göstərir. Avropanın mərkəzində yerləşən Çexiya qədim dövlət olmaqla yanaşı müasir dünyada özünəməxsus yer tutur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdə davam edən münaqişə Avropa dövlətlərində enerji böhranına səbəb olub.
“Neft və qaz təchizatının dayanması enerjidaşıyıcılarının qiymətini artırmaqla yanaşı qıtlıq yaradıb. Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olduğu üçün daha maraqlı tərəfdaşdır. Bu gün Azərbaycan Avropaya 13 milyard kubmetr təbii qaz ixrac edir və bu rəqəmi artırmaq iqtidarındadır. Çexiya neft və qaz idxal edən ölkələrdən biridir və Azərbaycan ilə bu sahədə əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışır. İki ölkə arasında 2011-ci ildən fəaliyyət göstərən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya bu ikitərəfli münasibətlərin institusional əsasını təşkil edir. Keçən il 814,73 milyon dollara çatan ticarət dövriyyəsi iqtisadi əlaqələrin dinamik inkişafını göstərir. Çexiya Azərbaycanın 6-cı ən böyük ixrac tərəfdaşı olmaqla yanaşı, Aİ daxilində 4-cü yerdə qərarlaşıb. Bu fakt Azərbaycanın Avropa bazarındakı mövqeyinin gücləndiyini nümayiş etdirir. Ölkələrimizin energetika sahəsində əməkdaşlığı isə xüsusi önəm daşıyır”, - deyə Sadiq Qurbanov əlavə edib.
Azərbaycanın Çexiyaya xam neft ixrac etdiyini bildirən Milli Məclisin deputatı Çexiyanın ölkəmizlə bərpaolunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlıqda maraqlı olduğunu əlaəv edib: “Bu isə münasibətlərin ənənəvi enerji modelindən daha innovativ istiqamətlərə keçdiyini göstərir. Çex şirkətlərinin Azərbaycanda, o cümlədən bərpaolunan enerji sahəsində fəal iştirakı diqqət çəkir. Naxçıvanda 500 MVt gücündə fotoelektrik stansiya layihəsində iştirak və hidroelektrik avadanlıqların təchizatı imkanlarının araşdırılması bu əməkdaşlığın konkret nümunələridir. Çexiya avtomobil sənayesində də inkişaf etmiş ölkələrdən biridir. Bu ölkənin istehsal etdiyi “Şkoda” avtomobilləri Azərbaycan alıcıları tərəfindən rəğbətlə qarşılanır. “Şkoda” şirkətinin Bakıda rəsmi mərkəzi fəaliyyət göstərir. Bütün bunlar Azərbaycan ilə Avropa dövlətlərinin yüksələn xətlə inkişaf edən münasibətlərinin göstəricisidir”.