Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Memar Elçin Əliyev metro stansiyalarında platformanın texniki vəziyyəti ilə bağlı bəzi problemlərin diqqətini çəkdiyini bildirib. Memar qeyd edib ki, perron boyunca divarlarda su izləri və sızma əlamətləri açıq şəkildə görünür. Mərmər üzlüyün zədələnməsi isə problemin yeni olmadığını, uzun müddətdir davam etdiyini göstərir”.
Memar əlavə edib ki, bu qısaqapanma və qatarların hərəkətində gecikmələrin səbəblərindən biri ola bilər: “Bu cür hallar metropolitendə zaman-zaman baş verən texniki nasazlıqların, o cümlədən qısaqapanma və qatarların hərəkətində gecikmələrin səbəblərindən biri ola bilər. Xüsusilə son yağışlardan sonra baş verən hadisələr fonunda bu məsələ daha da аktuallaşır”.
Bu problemlərlə bağlı qurum məlumatlıdırmı və onların aradan qaldırılması üçün hansı tədbirlər görülür?
Yaranan suala cavab tapmaq üçün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) sorğu ünvanladıq. “Bakı Metropoliteni” QSC - dən Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, dalan yolunun tikintisinin 2026-cı ilin sentyabr ayına kimi başa çatdırılması planlaşdırılır: ““Həzi Aslanov” stansiyası 1981–1987-ci illərdə mürəkkəb mühəndis-geoloji və hidrogeoloji şəraitə malik ərazidə inşa edilib. Sonrakı dövrlərdə tikinti prosesində fasilələr və ərazidə hidrogeoloji vəziyyətin dəyişməsi, eləcə də qrunt sularının təsiri stansiya infrastrukturunda müəyyən aşınmalara səbəb olub.
Məhz bu amillər nəzərə alınaraq, 30 noyabr 2024-cü ildən etibarən stansiyanın dalan yolunda planlı əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Təmir işləri çərçivəsində dalan yolunda izolyasiya qatları yenilənir və gücləndirilir, konstruksiyalar tamamilə yenidən qurulur və infrastruktur daha dayanıqlı vəziyyətə gətirilir.
Qeyd edək ki, dalan yolunun tikintisinin 2026-cı ilin sentyabr ayına kimi başa çatdırılması planlaşdırılır. “Həzi Aslanov” stansiyasının yenidənqurulması isə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, “Həzi Aslanov” stansiyasına keçid funksiyası daşıyacaq “Y-17” stansiyasının inşası dövründə həyata keçiriləcək.
Bununla yanaşı, stansiya daim nəzarətdə saxlanılır, mütəmadi texniki baxış və qulluq işləri aparılır. Qrunt suları və yağıntıların təsiri nəzarət altındadır, təhlükəsiz istismar tam təmin olunur”.
Günel Həsənova, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.