Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı tədris binasının həyətində baş verən yanğının səbəbi açıqlanıb.
Universitetin Mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev Musavat.com-a bildirib ki, yanğın saat 14:00 radələrində tədris binasının yaxınlığında başlayıb.
Onun sözlərinə görə, binada müasir liftlərin quraşdırılması zamanı şaxtalarda istifadə olunan taxta konstruksiyalar həyətə çıxarılıb:
“Planlaşdırılırdı ki, həmin materiallar axşam saatlarında ərazidən uzaqlaşdırılsın. Lakin gözlənilmədən taxtalar alovlanıb. Yanğın qısa müddətdə nəzarətə götürülərək qarşısı alınıb”.
N.Abdullayev qeyd edib ki, tüstünün tez yayılması səbəbindən əməkdaşlar və tələbələr operativ şəkildə binadan təxliyə olunub:
“Xoşbəxtlikdən xəsarət alan yoxdur. Ehtiyat tədbiri kimi əraziyə tibbi briqadalar da cəlb olunub. Yanğın tam söndürülüb”.
Şahanə Rəhimli
Musavat.com