AZ

Bakını Avropa üçün zərurətə çevirən faktor

“Qlobal siyasətdə təsadüf anlayışı yoxdur. Paytaxtların seçimi, səfərlərin intensivliyi və liderlərin marşrutları yeni formalaşan güc mərkəzlərini açıq şəkildə göstərir. Son həftələrdə Baltikyanı ölkələrin, Ukraynanın və Çexiyanın liderlərinin ard-arda Bakıya səfərləri də məhz bu reallığın təzahürüdür: Bakı artıq regionun deyil, daha geniş geosiyasi məkanın qərar platformasına çevrilir”.

Bunu Ölkə.az-a açıqlamasında deputat Mahir Süleymanlı deyib.

Onun sözlərinə görə, Bakıya yönələn diplomatik axın isə  yeni reallığın siqnalı kimi dəyərləndirilməlidir.

“Ona görə də  Latviya, Litva, Ukrayna ardınca Çexiya rəhbərlərinin Azərbaycana səfəri  göstərir ki, Azərbaycan artıq sadəcə tərəfdaş deyil, həm də problemlərin həlli məkanıdır.Bu görüşlər formal diplomatik jestlər deyil. Burada regional təhlükəsizlik, enerji siyasəti, qlobal çağırışlara ortaq yanaşmalar  müzakirə olunur. Bu isə Bakının funksiyasını dəyişir: o, artıq proseslərin iştirakçısı yox, proseslərin yönləndirildiyi platformadır”, - o vurğulayıb.

M. Süleymanlı əlavə edib ki, Azərbaycanın artan çəkisi təkcə siyasi faktorlarla izah olunmur:

“Burada əsas üç məqam var. Birincisi, Enerji təhlükəsizliyi. Avropa üçün alternativ mənbə axtarışı fonunda Azərbaycan etibarlı tərəfdaş kimi önə çıxır. Neft və qaz ixracı yalnız iqtisadi deyil, həm də siyasi sabitlik alətinə çevrilib. 

İkincisi, logistika və nəqliyyat. Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşən Bakı qlobal ticarət axınlarının təhlükəsizliyində mühüm rol oynayır. Üçüncüsü isə siyasi balansdır. Azərbaycanın çoxvektorlu siyasəti onu qarşıdurmaların tərəfi yox, körpü rolunda çıxış edən aktora çevirir”.

Deputat hesab edir ki, Bakı artıq Avropa üçün alternativ deyil, zərurətə çevrilib:

“Çexiya ilə münasibətlər bunun konkret nümunəsidir.
Çexiya Azərbaycan neftinin əsas alıcılarından biridir və artıq qaz əməkdaşlığına maraq göstərir. Bu isə iki mühüm nəticə doğurur. Birincisi, enerji əlaqələri dərinləşir, ikincii isə iqtisadi qarşılıqlı asılılıq artır. Eyni zamanda müdafiə sənayesi sahəsində əməkdaşlıq, o cümlədən birgə istehsal perspektivi münasibətləri yeni mərhələyə keçirir.

Ukrayna xətti: strateji tərəfdaşlığın dərinləşməsi

Volodimir Zelenskinin Bakıya səfəri isə münasibətlərin təkcə iqtisadi deyil, strateji və siyasi mahiyyət daşıdığını göstərir. Son illərdə liderlər arasında çoxsaylı görüşlərin keçirilməsi isə operativ qərarverməni sürətləndirir, ortaq mövqelərin formalaşmasını təmin edir, qarşılıqlı etimadı gücləndirir. Enerji sahəsində SOCAR-ın Ukraynadakı fəaliyyəti isə bu əməkdaşlığın praktik əsasını təşkil edir”.

Onun fikrincə, Azərbaycanın  digər ölkələrdən fərqi ondadır ki, risk istehsal etmir, sabitlik yaradır  və əməkdaşlıq platforması təqdim edir. Bu gün qlobal sistemdə bir çox ölkələr ya qarşıdurmanın tərəfidir, ya da onun təsiri altındadır. Bakı isə üçüncü yolu seçir balans və əməkdaşlıq yolunu.
Bu isə onu göstərir ki, Azərbaycan artıq geosiyasi proseslərin periferiyasında deyil. Bakı bu gün qlobal təhlükəsizlik, sülh və əməkdaşlıq gündəliyinin formalaşdığı əsas ünvanlardan birinə çevrilib”.

Mürtəza

Seçilən
45
50
olke.az

10Mənbələr