Ermənistanda seçki prosesinə müdaxilə ilə bağlı kəskin açıqlama verilib.
Musavat.com xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan seçkilərə qanunsuz müdaxilə cəhdlərinə qarşı hüquq-mühafizə orqanlarının çox sərt tədbirlər görəcəyini bildirib.
O qeyd edib ki, seçki prosesinə istənilən formada müdaxilə — rüşvət vermək və ya almaq — ciddi cinayət sayılır və bu cür halların qarşısı qətiyyətlə alınacaq.
Simonyanın sözlərinə görə, vətəndaşların hansı platformadan istifadə etməsindən asılı olmayaraq bu hallar aşkar ediləcək: Telegram, WhatsApp, Instagram, Signal, Zangi, Viber və digər vasitələrlə aparılan yazışmaların belə hüquq-mühafizə orqanlarına məlum olacağını vurğulayıb.
O əlavə edib ki, rüşvət almağa görə 7 ilədək, rüşvət verməyə görə isə 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Rüşvətin formasının da əhəmiyyəti yoxdur — pul, əşya, hətta kriptovalyuta belə olsa, bu hallar aşkar ediləcək.
Simonyan xaricdə yaşayan şəxslərə də xəbərdarlıq edərək bildirib ki, ölkə xaricində belə bu cür qanunsuz fəaliyyətlə məşğul olan şəxslər Ermənistana qayıdarkən sərhəddə saxlanılaraq sorğu-sual edilə bilərlər.
Sonda o, vətəndaşları seçkilərə müdaxilə cəhdlərindən çəkinməyə çağıraraq “sonradan xəbərdar edilmədik deməyin” mesajını verib.
Musavat.com