Ağstafa rayonunun 34 ümumtəhsil müəssisəsinin müəllimlərindən ibarət komandaları arasında intellektual bilik yarışı keçirilib. Yarış “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ağstafa Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa təhsil sektorunun birgə təşkilatçılığı ilə reallaşıb.
Hafta.az xəbər verir ki, Vurğun tam orta məktəbin idman zalında təşkil olunan tədbirin keçirilməsində əsas məqsəd memarlıq və şəhərsalma sahəsində biliklərin artırılması, bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsi, eləcə də milli-mədəni dəyərlərin qorunması və təbliği prosesində müəllimlərin rolunun daha da möhkəmləndirilməsindən ibarət olub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Üç mərhələdən ibarət yarışda komandalara “Şəhərsalma və Memarlıq İli”, mədəni irsin daşıyıcıları olan tarixi abidələr, onların qorunması və təbliği mövzularını əhatə edən suallar təqdim olunub. Münsiflər heyətinin yekun rəyinə əsasən, 1-ci yeri Qıraq Kəsəmən kənd tam orta məktəbin “Xocalı” komandası tutub. 2-ci yerə Vurğun qəsəbə tam orta məktəbin “Füzuli” komandası, 3-cü yerə Köçəskər kənd 1 nömrəli tam orta məktəbin “Damcılı” komandası layiq görülüb.