AZ

Deputat İranın Hörmüz boğazı ilə bağlı planından DANIŞDI

Hörmüz boğazından keçidin yeni qaydası haqqında İran tərəfindən qanun qəbul ediləcək.

Qərara görə, İran Mərkəzi Bankı Hörmüz boğazından keçid üçün haqların yığılması məqsədilə İran rialı, yuan, dollar və avro valyutalarında dörd xüsusi hesab açıb.

Bəs Hörmüz boğazında tətbiq ediləcək rüsumlar dünya iqtiadiyyatına necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Hörmüz boğazından istifadə ilə bağlı fərqli yanaşmalar mövcuddur:

"Amerika Birləşmiş Ştatları faktiki olaraq bu boğazdan İran tərəfindən ödəniş müqabilində gəmilərin keçirilməsində maraqlı deyil. İran isə əksinə, məhz ödənişlər qarşılığında bu imkanların təmin olunacağını bildirir. Bu səbəbdən, İran tərəfindən ödənişli istifadə mexanizminin elan olunmasına baxmayaraq, məsələnin reallaşması böyük ölçüdə ABŞ-nin mövqeyindən və Tehranla aparılan danışıqların nəticəsindən asılı olacaq".

İqtisadçının sözlərinə görə, belə bir mexanizmin tətbiqi ehtimalı göstərir ki, Hörmüz boğazından istifadə İran üçün yeni gəlir mənbəyinə çevrilə bilər.

"Eyni zamanda, müəyyən ediləcək tariflərin səviyyəsindən asılı olaraq, bu marşrut vasitəsilə daşınan yüklərin maya dəyərinin artmasına gətirib çıxara bilər. Bu isə qlobal iqtisadiyyat baxımından yükdaşıma xərclərinin yüksəlməsi deməkdir və nəticədə beynəlxalq ticarətə əlavə maliyyə yükü yarada bilər. Ona görə də İranın bu addımının necə icra ediləcəyi və praktikada hansı formada tətbiq olunacağı xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə nəzərə almaq lazımdır ki, bu məsələdə ABŞ-nin mövqeyi fərqlidir və prosesin inkişafına birbaşa təsir göstərə bilər. Nəticə etibarilə, belə bir qərarın tətbiqi bir tərəfdən Hörmüz boğazından istifadənin davamlılığını təmin edə bilər ki, bu, müsbət haldır. Digər tərəfdən isə daşınma xərclərinin artması səbəbilə qlobal iqtisadiyyata əlavə təzyiqlər yarada bilər", - deyə V.Bayramov əlavə etdi.

Xədicə BAXIŞLI

Seçilən
12
redaktor.az

1Mənbələr