AZ

Peyklər Yerin gecə həyatındakı dəyişikliyi qeydə alıb

Yer kürəsində gecələr zaman keçdikcə daha parlaq olur, lakin bu dəyişiklik hər yerdə eyni sürətlə baş vermir. 

NASA və NOAA peyklərinin 2014-2022-ci illəri əhatə edən son məlumatlarına görə, dünyada süni işıqlanma hər il təxminən 2 faiz artır. Ümumi artım 16 faiz olsa da bəzi bölgələrdə kəskin qaralma, bəzilərində isə sürətli işıqlanma müşahidə edilir.

Tədqiqata görə, Çin və Hindistan kimi ölkələr sürətli urbanizasiya səbəbindən əhəmiyyətli dərəcədə parlaqlaşıb. Bunun əksinə olaraq, Avropada gecə işıqlarının ümumi həcmi 4 faiz azalıb. Məsələn, Fransada şəhərlərin gecə yarısından sonra küçə işıqlarını söndürməsi nəticəsində parlaqlıq 33 faiz düşüb. Almaniyada isə vəziyyət stabil qalıb, bəzi bölgələr işıqlansa da, digərləri eyni nisbətdə qaranlığa bürünüb. İşıqlanma səviyyəsinin dəyişməsi sadəcə iqtisadi səbəblərlə əlaqədar deyil. İnkişaf etmiş ölkələrdə azalma daha çox yeni LED texnologiyalarına keçid və işıq çirklənməsinə qarşı tətbiq edilən qanunlarla izah olunur.

Alimlər xəbərdarlıq edirlər ki, süni işıqlanma həm böyük miqdarda elektrik enerjisi sərf edir, həm də ekosistemə, xüsusən də heyvanların həyat ritminə ciddi zərər vurur. Hazırda Avropa Kosmik Agentliyi gecə işıqlarını daha dəqiq izləmək üçün yeni nəsil peyklərin hazırlanması üzərində işləyir. Bu tədqiqat gecə vaxtı insan fəaliyyətinin dinamikasını anlamaq və ətraf mühiti qorumaq üçün böyük əhəmiyyət kəsb edir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
87
azerbaijan-news.az

1Mənbələr