"Qida və gündəlik tələbat mallarında qiymət artımının digər sahələrə nisbətən daha yüksək olması bir neçə struktur səbəblə izah edilə bilər. Birincisi, bu məhsullar idxaldan yüksək dərəcədə asılıdır. Xammal, qablaşdırma materialları və bir çox hazır məhsul xaricdən gətirilir. Qlobal bazarlarda artan logistika xərcləri, valyuta məzənnəsindəki dəyişikliklər və idxal qiymətlərinin yüksəlməsi birbaşa yerli pərakəndə qiymətlərə təsir edir. Sənaye malları isə çox vaxt uzunmüddətli müqavilələr əsasında tədarük olunduğundan qiymət dəyişiklikləri daha gec və zəif şəkildə əks olunur. İkincisi, qida məhsullarında tələb elastikliyi aşağıdır. İnsanlar gündəlik qida və əsas tələbat məhsullarından imtina edə bilmədiyi üçün istehsalçı və satıcılar qiymət artımını istehlakçıya daha asan ötürə bilirlər".
Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
Qeyd edək ki, son aylarda bazarlarda müşahidə olunan qiymət artımları rəsmi statistik göstəricilərdə də özünü aydın göstərir. Xüsusilə gündəlik tələbat malları və qida məhsullarının bahalaşması əhalinin alıcılıq qabiliyyətinə birbaşa təsir edir və sosial narahatlıq yaradır. Rəsmi məlumatlara əsasən, cari ilin ilk rübündə istehlak bazarında qiymətlər 5,7 faiz artıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə inflyasiya isə 6,8 faiz olub. 2026-cı ilin mart ayında da bu tendensiya davam edərək, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artım qeydə alınıb. Bu göstəricilər inflyasiyanın səbəbləri və əhali üzərində təsirləri ilə bağlı müzakirələri aktuallaşdırır.
A. Nəsirli qeyd edib ki, lüks məhsullarda qiymət artımı tələbin azalmasına səbəb ola bildiyi halda, çörək və digər əsas ərzaq məhsullarında bu risk xeyli aşağıdır.