ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 28 aprel, AZƏRTAC
2030-cu ilədək qlobal miqyasda karbon tutma və saxlama (CCS) həcmi əhəmiyyətli dərəcədə artacaq.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, CCS tutumunun 2025-ci illə müqayisədə 2030-cu ilədək təxminən 5 dəfə artacağı proqnozlaşdırılır.
“Global CCS Institute”nin hesabatında bildirilir ki, dünya miqyasında CCS qurğularında və layihələrində sürətli artım qeydə alınıb, 2024-2025-ci illər ərzində isə CCS ekosistemi böyüyüb. Hazırda dünyada işlək qurğuların sayı 50-dən 77-yə yüksəlib, planlaşdırma, tikinti və istismar mərhələlərindəki layihələrin sayı isə 734-ə çatıb. Tikinti mərhələsində olan obyektlərin istismara verilməsi ilə mövcud gücün qısa müddətdə təxminən 70 faiz artacağı gözlənilir.
Hesabata görə, ABŞ ən böyük CCS layihə portfelinə malik ölkə kimi öz mövqeyini qoruyur. Birləşmiş Krallıq, Norveç və Niderland Şimal dənizindəki tükənmiş təbii qaz yataqlarını saxlama obyektlərinə çevirməklə Avropada liderlik edirlər. Çin Asiyada kömürlə işləyən elektrik stansiyalarına inteqrasiya olunmuş CCS layihələri ilə öz gücünü artırır. Avstraliya və Malayziya isə sərhədlərarası karbon daşınması və saxlanması üçün regional mərkəzlərə çevrilmək üçün addımlar atır. Yaxın Şərqdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri enerji sektorundan emissiyaları azaltmaq üçün genişmiqyaslı CCS qurğularına investisiya yatırır.
Vurğulanır ki, hökumətlərin təşviq mexanizmləri və karbon qiymət sistemləri bu artıma təsir göstərir. 2050-ci ilə qədər xalis sıfır hədəflərinə çatmaq üçün mövcud artım tempinin daha da artırılması tələb olunur. Bu kontekstdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və saxlama qurğuları üçün lisenziyalaşdırma proseslərinin sürətləndirilməsi çox vacibdir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.