AZ

Avropanın enerji təhlükəsizliyində Bakının rolu güclənir ŞƏRH

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 28 aprel, AZƏRTAC

Çexiya Baş nazirinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi və iqtisadi hadisə kimi dəyərləndirilir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, bu səfər Azərbaycan–Çexiya əlaqələrinin möhkəmləndirilməsi ilə yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Deputat bildirib ki, hazırkı qlobal geosiyasi şəraitdə enerji resurslarına çıxış və onların təhlükəsiz nəqli məsələsi dövlətlər üçün prioritet istiqamətlərdən birinə çevrilib.

“Bu baxımdan Azərbaycan öz zəngin enerji ehtiyatları və etibarlı nəqliyyat infrastrukturu ilə Avropanın əsas tərəfdaşlarından biri kimi çıxış edir. Çexiya Baş nazirinin səfəri bu əməkdaşlığın daha sistemli və uzunmüddətli xarakter almasına zəmin yaradır. Azərbaycan tərəfindən həyata keçirilən enerji strategiyası nəticəsində ölkəmiz yalnız xammal ixrac edən dövlət kimi deyil, həm də enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan aktor kimi tanınır. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təchizatının şaxələndirilməsində əvəzsiz rol oynayır. Bu layihə vasitəsilə Azərbaycan qazı artıq bir sıra Avropa ölkələrinin enerji balansında mühüm yer tutur. Çexiya kimi sənaye cəhətdən inkişaf etmiş ölkələr üçün sabit və proqnozlaşdırılan enerji təchizatı böyük əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanla əməkdaşlıq Praqa üçün həm iqtisadi, həm də strateji baxımdan önəmlidir. Eyni zamanda, bu tərəfdaşlıq Avropa İttifaqının enerji siyasəti çərçivəsində də xüsusi yer tutur”, - deyə deputat vurğulayıb.

Aydın Hüseynov əlavə edib ki, nəqliyyat-logistika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın iştirak etdiyi beynəlxalq nəqliyyat dəhlizləri, xüsusilə Orta Dəhliz, Avropa ilə Asiya arasında yükdaşımaların sürətləndirilməsində mühüm rol oynayır. Bu baxımdan Çexiyanın da bu layihələrdə iştirakı qarşılıqlı faydalı nəticələr verə bilər.

Deputat, həmçinin yaşıl enerji sahəsində əməkdaşlıq perspektivlərinə toxunaraq bildirib ki, Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafına böyük önəm verir. Günəş və külək enerjisi sahəsində həyata keçirilən layihələr ölkənin enerji ixrac potensialını daha da genişləndirir. Bu isə Avropa ölkələri üçün ekoloji cəhətdən təmiz və dayanıqlı enerji mənbələrinə çıxış baxımından yeni imkanlar yaradır: “Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu siyasət nəticəsində Azərbaycan müxtəlif geosiyasi mərkəzlər arasında etibarlı tərəfdaş kimi qəbul olunur və çoxtərəfli əməkdaşlıq platformalarında fəal iştirak edir. Çexiya Baş nazirinin Azərbaycana səfəri çərçivəsində imzalanacaq sənədlər və əldə olunacaq razılaşmalar gələcək əməkdaşlığın hüquqi və institusional bazasını daha da möhkəmləndirəcək. Bu isə iki ölkə arasında münasibətlərin uzunmüddətli və dayanıqlı inkişafını təmin edəcək əsas amillərdən biridir. Azərbaycan–Çexiya əməkdaşlığının genişlənməsi yalnız ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə Avropa məkanında enerji təhlükəsizliyi, iqtisadi sabitlik və qarşılıqlı etimad mühitinin güclənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlığın gələcəkdə daha geniş miqyas alacağı və konkret layihələrlə zənginləşəcəyi gözlənilir”.

Müxbir-Vüqar Qurbanoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
1
azertag.az

2Mənbələr