AZ

“Instagram” yeni tətbiqini test edir

“Instagram” yeni “Instants” adlı ayrıca tətbiqini sınaqdan keçirməyə başlayıb. Şirkət məlumatı rəsmi şəkildə təsdiqləyib. Hazırda tətbiq yalnız İspaniya və İtaliya istifadəçiləri üçün əlçatandır.

“Instants” istifadəçilərə sadə və sürətli formada yox olan fotolar paylaşmağa imkan verir. Bu şəkillərə yalnız bir dəfə baxmaq mümkündür və onlar maksimum 24 saat aktiv qalır. Tətbiqin əsas fərqi isə burada heç bir redaktə funksiyasının olmamasıdır. İstifadəçi yalnız tətbiqin kamerası ilə şəkil çəkə bilər, qalereyadan foto yükləmək mümkün deyil. Paylaşım zamanı yalnız mətn əlavə etməyə icazə verilir, filtr və digər düzəliş alətləri isə yoxdur.

Yeni tətbiq daha çox “real anları” paylaşmağa fokuslanır. Yəni klassik “Instagram”dakı kimi ideal, filtrlənmiş və planlaşdırılmış kontent əvəzinə spontan və təbii görüntülər ön plana çıxır. Bu yanaşma “Instants”ı Snapchat, BeReal və Locket kimi platformaların strategiyasına yaxınlaşdırır.

Qeyd edək ki, Instagram bu funksiyanı daha əvvəl bəzi regionlarda əsas tətbiq daxilində test edirdi. İndi isə şirkət onu ayrıca tətbiq kimi də sınaqdan keçirir. İstifadəçilər “Instants” paylaşımlarına həm standart Instagram tətbiqi, həm də ayrıca proqram vasitəsilə baxa biləcəklər.

“Instants” üzərindən paylaşımlar yalnız qarşılıqlı izləyicilərlə və ya “Close Friends” siyahısı ilə bölüşdürüləcək. Bu siyahılar Instagram ilə tam sinxron işləyəcək. Meta bildirir ki, məqsəd istifadəçilərə daha az təzyiqli və daha rahat ünsiyyət mühiti yaratmaqdır. Son illərdə Instagram-ın reklamlar və influencer kontenti səbəbindən daha “rəsmi” platformaya çevrildiyini nəzərə alsaq, bu addım platformanın ilkin “dostlar arasında paylaşım” fəlsəfəsinə qayıdış cəhdi kimi qiymətləndirilə bilər.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
20
2
azerbaijan-news.az

10Mənbələr