AZ

Hacı Qaliblə məhkəmədən o qalib çıxdı – eks-deputatın yoldaşına torpaqdan çıxmağa vaxt qoyuldu

Milli Məclisin sabiq deputatı Əliabbas Salahzadənin həyat yoldaşı Xatirə Allahşükür qızı Salahzadənin tərəf olduğu məhkəmə çəkişməsi son mərhələyə qədəm qoyub.

Musavat.com xəbər verir ki, Bilgəh qəsəbəsində illərdir davam edən və artıq açıq hüquqi qarşıdurma xarakteri alan torpaq mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsi qərar verib. Qərara görə, Xatirə Salahzadə Azərbaycan vətəndaşı Seymur Quliyevə məxsus torpaq sahəsini boşaltmalı, ərazini sahibinə təhvil verməlidir. Artıq qərarın icrası üzrə Sabunçu rayon İcra şöbəsi konkret tarix təyin edib. İşin ən diqqətçəkən hissəsi isə təkcə torpaq sahəsinin boşaldılması deyil, həmin əraziyə çıxışın illərdir məhdudlaşdırılmasıdır.

Sənədlərdə qeyd olunur ki, sahəyə giriş hissəsində qurulmuş dəmir darvaza, şlaqbaum və digər maneələr faktiki olaraq mülkiyyət hüququnun həyata keçirilməsini çətinləşdirib. Məhkəmə isə bu məsələyə sərt yanaşıb və qərara alıb ki, torpaq sahəsi Xatirə Salahzadə tərəfindən tam şəkildə boşaldılmalıdır! Torpaq sahəsinə maneəsiz gediş-gəliş təmin edilməlidir. Yol üzərindəki darvaza, şlaqbaum və digər konstruksiyalar, bir sözlə bütün maneələr sökülməlidir. Zağulba prospektindən başlayaraq eni 11 metr olan zəruri keçid açılmalıdır. Qərarda keçidin texniki sənədlərdə göstərilən plan və ölçülərə uyğun şəkildə təmin olunması xüsusi vurğulanır. Sabunçu rayon İcra şöbəsi artıq icra hərəkətinin tarixini də müəyyən edib.

Sənədə əsasən, proses 7 may 2026-cı il saat 11:00-a təyin olunub. Xatirə Salahzadəyə rəsmi xəbərdarlıq edilib ki, həmin vaxt icra yerində iştirak etsin və məhkəmə qərarının tələblərini könüllü şəkildə yerinə yetirsin. Əks halda qanunvericiliyə uyğun olaraq məcburi icra tədbirlərinin görüləcəyi istisna edilmir. Tərəflər arasında mübahisə uzun müddətdir davam edir. Hələ 2012-ci ildə Xatirə Salahzadənin qaynatası, eks deputat Hacı Qalib Salahzadə Seymur Quliyevə məxsus 3 və 2 mərtəbəli evlərini əşyaları ilə birlikdə yerlə bir edərək, torpağını özünün “Şəbəkə” restoranının avtomobil dayanacağına çevirib. Seymur Quliyevin evləri dağıdılmazdan öncə talan edilib, əşyaları oğurlanıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 186-cı - əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci - torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi başlansa da, hələ ki, bir nəticə yoxdur.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
28
2
musavat.com

3Mənbələr