AZ

“Mənim dostum Səməd Vurğun”: görkəmli dramaturqun ev muzeyində poeziya gecəsi

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 28 aprel, AZƏRTAC

Şair dostlar Səməd Vurğun və Konstantin Simonovun yaradıcılığına həsr olunmuş “Mənim dostum Səməd Vurğun” adlı poeziya gecəsi aprelin 28-də görkəmli Azərbaycan dramaturqu Səməd Vurğunun ev-muzeyində keçirilib. Tədbir “Stolitsa.rt” yaradıcılıq birliyi tərəfindən təşkil olunub və “Ürəyin 4 tərəfi” yaradıcılıq klubu çərçivəsində baş tutub.

AZƏRTAC xəbər verir ki, gecənin əvvəlində iştirakçıları Səməd Vurğunun ev-muzeyinin direktoru Vurğun Vəkilov və “Stolitsa.rt”nin rəhbəri Vəfa Məmmədova-Qavrilova salamlayıblar.

Tədbir zamanı qiraətçilərin ifasında şairlərin şeirləri səsləndirilib. Çıxış edənlər arasında Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları da olub.

AZƏRTAC-ın müxbiri ilə söhbətində V.Vəkilov bildirib ki, belə tədbirlərin keçirilməsi çox vacibdir.

“Biz canlı ünsiyyətin getdikcə itdiyi rəqəmsal texnologiyalar dünyasında yaşayırıq. Düşünürəm ki, bu gün muzeydə keçirilən tədbirimiz, xüsusilə də belə gözəl kollektivlə bir araya gəlməyimiz insan ənənələrinin yenidən canlanmasına, insanların üz-üzə ünsiyyət qurmasına xidmət edir.

Bu il Səməd Vurğunun 120 illiyinin geniş qeyd olunması mühüm hadisədir və buna bütün xalqımız hazırlaşır. İyunun 5-də Heydər Əliyev Sarayında böyük tədbir keçiriləcək və həm ailə üzvləri, həm təşkilatçılar, həm də rejissorlar buna böyük həssaslıqla yanaşırlar.

Bugünkü gecənin şairin ömrünün son iki ilini yaşadığı, dostu Konstantin Simonovun da gəldiyi ev-muzeyimizdə keçirilməsi çox önəmlidir. Bu iki böyük və gözəl insanın yubileyini qeyd etməmək yolverilməzdir”, – deyə V.Vəkilov vurğulayıb.

Müəllif – Anara Axundova

Fotoqraf – Səfiyar Məcnun

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
azertag.az

4Mənbələr