Bəzi ərazilərdə yeni evlər tikiləcək, infrastruktura dəyən ziyan aradan qaldırılacaq.
Xezerxeber.az-ın məlumatına görə, Prezident İlham Əliyevin sərəncamı ilə sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizənin davam etdirilməsi üçün 85 milyon 869 min manat vəsait ayırılıb.
Ayrılan vəsaitin xərclənəcəyi istiqamətlər də açıqlanıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi Paytaxtın Binəqədi rayonunda bir ev, həmçinin Suraxanı, Səbail, Binəqədi və Xətai rayonlarında istinad divarları tikəcək. Eyni zamanda Xaçmazın 9 kəndində 18, Qusarın 3 kəndində 4, Şabranın 5 kəndində 6, Siyəzəndə 5 ünvanda, Qubanın 11 kəndində 13, Xızıda isə 5 fərdi yaşayış evinin tikintisini həyata keçirəcək.
Bakı Şəhər İcra hakimiyyətinə isə Nizami rayonu, Keşlə qəsəbəsində çirkab suların təsirinə məruz qalmış 61 fərdi evin təmir-bərpası və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardımın verilməsi həvalə edilib. Həmçinin həmin yaşayış evlərinin sakinlərinin 3 aylıq kirayə haqları, eləcə də Xətai rayonu Rəşid Bağırov küçəsindəki sökülən evin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək.
Dövlət Su Ehtiyatları Agentliyi çaylarda daş-beton bəndlərin tikintisi və mühafizə bəndlərinin quraşdırılmasını həyata keçirəcək. Həmçinin Abşeron rayonu və Xırdalan şəhəri ərazisində su xətlərində yaranan qəzalı vəziyyətin aradan qaldırılması işlərini görəcək.
Paytaxtın Xətai rayonunda 11, Nizami rayonunda 4, Binəqədidə 1, Sabunçuda 2 ünvanda, Sumqayıt Şəhərində isə 8 ünvanda kollektorlarda baş verən çökmələrin aradan qaldırılması və xətlərin bərpası işləri görüləcək. Həmçinin Binəqədi, Nərimanov və Qaradağ rayonlarında 1, Sabunçuda 3, Abşeron rayonunda isə 4 kanalizasiya-nasos stansiyasında subasma nəticəsində zədələnmiş avadanlıqlar yenilənəcək və zəruri tədbirlər görüləcək.
Avtomobil Yolları Dövlət Agentliyi isə Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Ağsu, İsmayıllı rayonlarında və Bakının Səbail, Qaradağ rayonlarında yol infrastrukturuna dəyən ziyanın aradan qaldırılması, yolların və körpülərin bərpası işlərini həyata keçirəcək.
Sərəncamda qeyd edilən qurumlar arasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti də var. Qurum Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran elektrik şəbəkələrinə, eləcə də paytaxtdakı Binəqədi, Biləcəri, Xətai, Suraxanı, Sabunçu və Xəzər elektrik şəbəkələrinə dəymiş ziyanın aradan qaldırılması işlərini görəcək. Bununla yanaşı, Abşeron, Bağlar, Yaşma və Sumqayıt elektrik şəbəkələrinə dəyən ziyan da aradan qaldırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.