"Avropa İttifaqı son on illiklərdə bu və ya digər şəkildə əlaqədar olduğu regional və ya qlobal miqyaslı münaqişələr nəticəsində qaçqın-miqrant böhranı ilə üzləşib. Məsələn, 2010-cu ilə qədər Avropaya qaçqın-miqrant axını böhran səviyyəsində deyildi. Ərəb Baharının başlanması ilə Avropaya Yaxın Şərqdən kütləvi axın başlandı. Bunun pik nöqtəsi 2015-ci il idi – Avropa illik 1,2 milyon qaçqın axını qarşısında böhran yaşadı. 2016–2020-ci illərdə axın zəifləsə də, Ukraynada müharibənin başlaması ikinci dəfə böhran səviyyəsinə çatan güclü miqrant dalğası yaratdı. Halbuki milyonlarla insanı yerindən didərgin salan müharibələrdə tərəfləri silahlandırmaq elə münaqişələrin qızışdırılmasına bərabərdir. Avropa Yaxın Şərqlə bağlı böhran dövründə qaçqın axınını xüsusilə Türkiyə və digər ölkə sərhədlərində durdurmağa çalışsa da, sərhədlərinə gəlib çatan qaçqınları beynəlxalq humanitar hüquq prinsiplərinə əsasən qəbul etməli idi. İndi isə (Ukrayna və Belarus sərhədlərindən gələnlər fonunda) axınla bağlı problemləri birbaşa Aİ özü həll etməlidir. Qaçqın qəbulu məsələsində Aİ ölkələri arasında müəyyən fikir ayrılıqları mövcuddur".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Qeyd edək ki, Avropa Parlamentində miqrasiya siyasəti ətrafında aparılan müzakirələrin son dövrlərdə intensivləşməsi Aİ daxilində mövcud fikir ayrılıqlarını daha açıq şəkildə üzə çıxarır. Üzv dövlətlərin miqrant axınlarının idarə olunması, sığınacaq sistemləri və məsuliyyət bölgüsü kimi məsələlərdə fərqli yanaşmalar sərgiləməsi vahid və ortaq strategiyanın formalaşdırılmasını çətinləşdirir. Xüsusilə Şərqi və Qərbi Avropa ölkələri arasındakı mövqe fərqləri ümumi siyasi konsensus prosesini ləngidir.
Siyasi şərhçi qeyd edib ki, bu fikir ayrılıqları Aİ-ni parçalayacaq səviyyədə deyil, lakin fraqmentar xarakter daşıyaraq vahid mexanizm kimi fəaliyyətini ləngidir.