King's College London tədqiqatçıları heyvan tüklərindən əldə olunan keratinin sümük bərpasında effektiv istifadə oluna biləcəyini müəyyən ediblər. Araşdırma göstərib ki, bu təbii zülal zədələnmiş nahiyələrdə yeni sümük toxumasının formalaşmasına istiqamət verə bilir.
Day.Az xəbər verir ki, ənənəvi olaraq bu sahədə əsas material sayılan kollagen müəyyən məhdudiyyətlərə malikdir.
O, tez parçalanır və istehsalı bahalıdır. Keratin isə daha əlçatan və dayanıqlı alternativ kimi seçilir. Laboratoriya sınaqlarında keratin əsaslı membranların insan sümük hüceyrələri ilə yaxşı uyğunlaşdığı və sağlam toxuma yaranmasını stimullaşdırdığı müşahidə olunub.
Alimlər bildirirlər ki, keratin strukturları daha möhkəm və nizamlı sümük toxuması formalaşdırır və ətraf toxumalarla yaxşı inteqrasiya olunur. Bu nəticələr texnologiyanın gələcəkdə real tibbi tətbiqlərə yaxınlaşdığını göstərir və regenerativ tibbdə yeni imkanlar yaradır.