ABŞ İranın kölgə bankçılıq şəbəkəsini idarə etdiyi və sanksiyaların pozulması ilə əlaqəli olduğu iddiası ilə 35 nəfər və qurumu sanksiya siyahısına daxil edib.
VAXT..AZ “Reuters”ə istinadən xəbər verir ki, məsələ ilə bağlı ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilib ki, “İqtisadi qəzəb” əməliyyatı çərçivəsində Xarici Aktivlərə Nəzarət Ofisi İranın kölgə bankçılıq şəbəkələrini idarə edən və sanksiyaların pozulması, eləcə də İranın terror fəaliyyətlərinə dəstəyi ilə əlaqəli on milyardlarla dollar dəyərində vəsaitlərin hərəkətini asanlaşdıran 35 nəfər və qurumu sanksiya siyahısına daxil edib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, sözügedən şəbəkələr İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxil olmaqla İran Silahlı Qüvvələrinin qanunsuz neft satışlarından əldə edilən ödənişləri toplamasına, raketlər və digər silah sistemləri üçün həssas komponentlərin alınmasına, həmçinin terrorla əlaqəli qruplara vəsait köçürməsinə imkan yaradıb.
Bildirilib ki, tətbiq olunan yeni sanksiyalar İranın beynəlxalq maliyyə sisteminə çıxışını çətinləşdirməyi, neft gəlirlərini azaltmağı və sanksiyaların pozulmasının maliyyətini artırmağı hədəfləyir.
Açıqlamada sanksiyalar səbəbindən beynəlxalq maliyyə sistemindən kənarlaşdırılan İran banklarının idxal və ixrac ödənişlərini həyata keçirmək üçün minlərlə xarici saxta şirkəti idarə edən strukturların hədəf alındığı bildirilib.
Həmçinin maliyyə institutlarına İran üçün Hörmüz boğazı üzrə “keçid haqqı” ödənişlərinin ciddi sanksiya riski yaratdığı barədə xəbərdarlıq edilib.
ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, İranın kölgə bankçılıq sistemi ölkənin silahlı qüvvələri üçün həyati əhəmiyyətli maliyyə dayağı rolunu oynayır və qlobal ticarəti pozan, Yaxın Şərqdə zorakılığı artıran fəaliyyətlərə imkan yaradır.
Nazir maliyyə qurumlarına xəbərdarlıq edərək, “Bu şəbəkələrə imkan yaradan və ya onlarla əməkdaşlıq edən hər hansı qurum ciddi nəticələrlə üzləşə bilər”, – deyib.
ABŞ Maliyyə Nazirliyi tərəfindən yayılan digər açıqlamada İranın neft ixracının təxminən 90%-nin Çin tərəfindən alındığı, bunun böyük hissəsinin isə müstəqil neft emalı zavodları tərəfindən idxal edildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, bu gəlirlər İranın silah proqramlarına və ordusuna dəstək verir. Bəzi Çin neft emalı zavodlarının dollarla əməliyyatlar aparmaq və ABŞ malları almaq üçün ABŞ maliyyə sistemindən istifadə etdiyi iddia olunub.
Maliyyə qurumlarına, xüsusilə Şandun əyaləti ərazisində yerləşən müstəqil neft emalı zavodları ilə əməkdaşlıq zamanı sanksiya riskləri barədə xəbərdarlıq edilib.