AZ

Zelenski Ukrayna silahlarının ixracını anons etdi

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin müdafiə sənayesinə dair yeni mərhələnin başlandığını açıqlayıb. Onun sözlərinə görə, Ukrayna istehsalı olan silahların ixracı artıq prinsipial olaraq razılaşdırılıb və müvafiq dövlət institutları səviyyəsində bütün əsas detallar işlənib hazırlanıb.

Azreform.info xəbər verir ki, Zelenski bildirib ki, Ukraynanın müasir müharibə təcrübəsi və hərbi texnologiyaları bir sıra tərəfdaş ölkələr tərəfindən ciddi maraqla qarşılanır. Bu marağın fonunda Kiyev yeni əməkdaşlıq formatı – “Drone Deals” modelini təqdim edir.

Yeni format çərçivəsində dronlar, raketlər, sursat, hərbi texnika və proqram təminatının birgə istehsalı və tədarükü nəzərdə tutulur. Eyni zamanda, tərəflər arasında texnologiya mübadiləsi və müdafiə sistemlərinin inteqrasiyası da planlaşdırılır.

Ukrayna prezidenti qeyd edib ki, ixrac prosesi “qarşılıqlılıq prinsipi” əsasında həyata keçiriləcək. Bu zaman bürokratik prosedurlar sadələşdiriləcək, lakin strateji nəzarət tam şəkildə dövlətin əlində qalacaq. Zelenskinin sözlərinə görə, hazırda mövcud istehsal gücü bəzi istiqamətlər üzrə daxili tələbatı təxminən 50 faiz üstələyir və ixrac məhz bu “artıq potensial” hesabına həyata keçiriləcək.

Eyni zamanda, Ukrayna hökuməti silah və texnologiya ixracının qadağan olunacağı ölkələrin siyahısını da müəyyənləşdirəcək. Bu addımın məqsədi Rusiya ilə əlaqəli risklərin qarşısını almaq və hərbi texnologiyaların sızmasının qarşısını almaqdır.

Yeni modelin Ukraynanın müdafiə sənayesini həm maliyyə, həm də texnoloji baxımdan gücləndirəcəyi gözlənilir.

Xatırladaq ki, aprelin 25-də Azərbaycan və Ukrayna prezidentlərinin Qəbələdə keçirilən görüşü zamanı iki ölkə arasında 6 sənəd imzalanıb. Bu sənədlər arasında təhlükəsizlik və müdafiə sənayesi əməkdaşlığı xüsusi yer alıb.(Musavat.com)

Seçilən
37
4
azreform.info

5Mənbələr