AZ

Biqtexlər bazarı bundan sonra da yuxarı çəkə biləcəkmi?

ABŞ bazarı  böyük texnologiya şirkətlərinin hesabına yeni maksimumları yeniləyir. Çərşənbə günü Alphabet, Microsoft, Amazon və Meta maliyyə nəticələrini açıqlayacaq, cümə axşamı isə növbə Apple-a çatacaq.

Bu beş şirkətin ümumi bazar dəyəri 16 trilyon dolları ötür ki, bu da S&P 500 indeksinin təxminən dörddə birinə bərabərdir. Məhz onların hesabatlarından asılı olacaq ki, hazırkı ralli davam edəcək, yoxsa yox. Son dörd həftədə benchmark indeks 13% yüksəlib, biqtexlərin öz səhmləri isə — Alphabet, Amazon, Nvidia və Meta — 30 mart minimumundan bəri 25%-dən çox artıb. Microsoft-un səhmləri də ikirəqəmli faizlə bahalaşıb.

Bu yüksəliş ilin əvvəlində süni intellektə həddindən artıq investisiya ilə bağlı narahatlıqların yaratdığı satış dalğasından sonra baş verib.

“Bu, kritik həftə olacaq”, — Truist Advisory Services-in baş investisiya direktoru və bazar strateqi Kit Lerner bildirib. Onun sözlərinə görə, hesabatlar bazardakı son artımın əsaslı olub-olmadığını təsdiqləməlidir.

Bulud bölmələri diqqət mərkəzində qalır: Anthropic və OpenAI kimi süni intellekt startaplarından gələn tələbat şirkətlərin güclərini artırmaq tempini üstələyir və bu, gəlirlərin böyüməsini dəstəkləyir. Proqnozlara görə, birinci rübdə Amazon Web Services-in gəliri 26%, Microsoft-un Azure bölməsinin gəliri 38%, Google Cloud-un gəliri isə 50% artacaq.

Dünyanın ən bahalı şirkəti olan Nvidia isə hesabatını ən sonda — mayın 20-də açıqlayacaq.

Əsas risk — süni intellekt xərcləridir

Proqnozlar nikbindir: Bloomberg Intelligence-in məlumatına görə, “Möhtəşəm yeddilik” adlandırılan qrupun bütün üzvləri — hesabat verən bu şirkətlərlə yanaşı, Nvidia və Tesla da daxil olmaqla — birinci rübdə hər səhmə düşən mənfəət üzrə illik müqayisədə 19% artım göstərməlidir. S&P 500-ün qalan hissəsində bu göstərici 12% səviyyəsində gözlənilir. Tesla ötən həftə artıq gözləntiləri üstələyib, baxmayaraq ki, kapital xərclərindəki sıçrayış investorları bir qədər narahat edib.

Microsoft, Alphabet, Amazon və Meta-nın ümumi kapital xərclərinin 2026-cı ildə 649 milyard dollara çatacağı proqnozlaşdırılır. Bir il əvvəl bu rəqəm 411 milyard dollar idi. İndi şirkətlər investorları inandırmalıdırlar ki, bu xərclər özünü doğruldacaq. Hələlik isə “Möhtəşəm yeddilik”in sərbəst pul axını təzyiq altında qalacaq. Məsələn, gözləntilərə görə, Amazon-un birinci rübdə sərbəst pul axını mənfi 13,3 milyard dollar olacaq. Bu, 2022-ci ildən bəri ən zəif göstəricidir. Meta-da isə sərbəst pul axınının 4 milyard dollar olacağı gözlənilir ki, bu da təxminən son dörd ilin minimumudur. Şirkətlər bunu xərcləri azaltmaq, o cümlədən ixtisarlar hesabına kompensasiya etməyə başlayırlar.

“Biqtexlər sanki öz reallığında yaşayır”, — Jensen Investment Management-də portfel meneceri Allen Bond bildirib. Onun sözlərinə görə, texnologiya sektoru investorlara geosiyasi risklərə daha az həssas olan uzunmüddətli artım hekayəsinə çıxış verir və son dövrdə bunu daha cəlbedici qiymətlərlə təqdim edir.

Tesla-nın həddindən artıq yüksək multiplikatorunu nəzərə almasaq, “Möhtəşəm yeddilik” hazırda 25 forward P/E ilə ticarət olunur. Bu, ötən ilin oktyabrındakı 29 səviyyəli zirvədən aşağıdır, amma S&P 500 üzrə 21 göstəricisindən yuxarıdır. Wellington Management-dən Brayan Barbetta hesab edir ki, bu şirkətlər sübut etməlidirlər ki, yatırımları yüksək gəlir gətirəcək — yəni maliyyə göstəricilərinin artımını sürətləndirəcək və uzunmüddətli perspektivdə marjanın genişlənməsinə səbəb olacaq. Əgər bu baş verməsə, bazar yüksək qiymətləndirmələri çox tez xatırlayacaq və ilk zəif hesabat satış dalğası üçün tetikə çevrilə bilər.

Seçilən
26
banker.az

1Mənbələr