AZ

Xəzər üzərindən bilik körpüsü: Azərbaycan və Qazaxıstan

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsində daha da möhkəmlənib.

Tarixi, mədəni və ortaq türk kimliyinə əsaslanan bu əlaqələr artıq yalnız siyasi dialoqla məhdudlaşmır, həm də iqtisadi, enerji, nəqliyyat və logistika sahələrində genişmiqyaslı əməkdaşlıqla müşayiət olunur.

Xüsusilə Xəzər regionunda artan geosiyasi əhəmiyyət və Orta Dəhliz kimi beynəlxalq nəqliyyat marşrutlarının aktuallaşması Bakı ilə Astana arasında koordinasiyanı daha da zəruri edir.

Mövcud qlobal çağırışlar və dəyişən güc balansı fonunda Azərbaycan-Qazaxıstan tərəfdaşlığı regionda sabitliyin, enerji təhlükəsizliyinin və ticarət əlaqələrinin inkişafında mühüm rol oynayır. Bu baxımdan iki ölkə arasında münasibətlərin yeni strateji mərhələyə keçidi həm regional, həm də beynəlxalq müstəvidə diqqətlə izlənilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov bildirib ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlər hazırda yalnız iqtisadi və siyasi deyil, eyni zamanda humanitar və akademik sahələrdə də inkişaf mərhələsindədir.

Onun sözlərinə görə, Qazaxıstanda keçirilən Azərbaycan və Qazaxıstan universitetləri rektorlarının II Forumu və “Study in Azerbaijan” sərgisi bu əməkdaşlığın genişləndiyini göstərən nümunələrdən biridir. Cəfərov qeyd edib ki, bu cür tədbirlər iki ölkə arasında strateji dialoqun güclənməsinə töhfə verir.

Fəlsəfə doktoru vurğulayıb ki, əlaqələrin inkişafı hər iki ölkənin siyasi qərarları, Türk dünyasında inteqrasiya meyilləri və Xəzər regionunda formalaşan geosiyasi proseslərlə bağlıdır. Onun fikrincə, Azərbaycan və Qazaxıstan “Orta Dəhliz” layihəsində mühüm tərəfdaşlar kimi çıxış edir və bu çərçivədə yalnız nəqliyyat və logistika deyil, həm də təhsil və kadr hazırlığı sahəsində əməkdaşlıq əhəmiyyət daşıyır. Bu istiqamətdə dövlət başçıları tərəfindən imzalanmış müttəfiqlik münasibətlərinə dair sənədlərin əməkdaşlığın inkişafına istiqamət verdiyi qeyd olunub.

Eldar Cəfərov, siyasi elmlər üzrə fəlsəfə doktoru

E.Cəfərov əlavə edib ki, təhsil sahəsində əməkdaşlıq konkret layihələr və təşəbbüslərlə müşayiət olunur. Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən tədbirin bu sahənin prioritet kimi qiymətləndirildiyini göstərdiyini bildirib. O, həmçinin qeyd edib ki, hazırda Qazaxıstanda təhsil alan azərbaycanlı tələbələrin bir hissəsi Yessenov Universitetində təhsil alır.

Müsahibimiz bildirib ki, forum çərçivəsində Azərbaycanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq sənədləri imzalanıb. Bunlara Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Texniki Universiteti (AzTU), Sumqayıt Dövlət Universiteti, “Azərbaycan” Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti daxildir.

Onun sözlərinə görə, bu əməkdaşlıqlar artıq müəyyən praktiki əsaslara söykənir. Belə ki, Yessenov Universitetində dəniz sahəsi üzrə ixtisaslar və Bakı Dövlət Universiteti ilə birgə həyata keçirilən “Beynəlxalq münasibətlər” ixtisası üzrə ikili diplom proqramları fəaliyyət göstərir.

Sonda həmsöhbətimiz bildirib ki, təhsil sahəsində əməkdaşlığın genişlənməsi iki ölkə arasında münasibətlərin ümumi inkişafına töhfə verə bilər və bu prosesin gələcəkdə də davam etdirilməsi gözlənilir.

Murad İsmayıl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
bakivaxti.az

1Mənbələr