AZ

Bankların aktivləri mart ayında 1.4% artıb – İCMAL

2026-cı ilin 31 mart tarixinə ölkədə fəaliyyət göstərən bank sektorunun cəmi aktivləri 57.96 milyard manat, öhdəlikləri 50.29 milyard manat, balans kapitalı isə 7.67 milyard manat təşkil edib. Mart ayı ərzində aktivlər və öhdəliklər 1.4%, kapital isə 2% artıb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat ayında bankların kredit portfeli 0.6% və ya 171.5 milyon manat artaraq 30.29 milyard manata yüksəlib. Portfelin 53.5%-ni və ya 16.21 milyard manatını biznes kreditləri, 31.3%-ni və ya 9.49 milyard manatını istehlak kreditləri, 15.2%-ni və ya 4.58 milyard manatını isə ipoteka kreditləri təşkil edib.

Bank sektorunun öhdəliklərinin əsas hissəsini depozitlər formalaşdırıb. Depozit portfeli 37.57 milyard manat olmaqla cəmi öhdəliklərin 74.7%-nə bərabər olub. Depozitlərin 20.98 milyard manatı hüquqi şəxslərin, 16.59 milyard manatı isə fiziki şəxslərin vəsaitləridir. Fiziki şəxslərin əmanətlərinin 69.1%-i (11.46 milyard manat) manatla, 30.9%-i (5.13 milyard manat) isə xarici valyutada saxlanılıb. Əmanət portfelinin 64.9%-ni və ya 10.76 milyard manatını müddətli əmanətlər təşkil edib. Mart ayında fiziki şəxslərin müddətli əmanətləri 0.7% və ya 71.8 milyon manat artıb. İlin ilk rübündə bu artım 4.3% və ya 442.1 milyon manat olub.

Bank sektorunda unikal müddətli əmanətçilərin sayı da yüksəlib. Mart ayı ərzində göstərici 2.7% və ya 5 min 387 nəfər artaraq 207.5 min nəfərə çatıb. İlin əvvəlindən artım 6.9% və ya 13 min 335 nəfər olub.

Hüquqi şəxslərin tələbli depozitləri 15.86 milyard manat səviyyəsində formalaşıb və bu kateqoriya hüquqi şəxslərin ümumi depozit portfelinin 75.6%-nə bərabər olub.

2026-cı ilin ilk rübündə banklar 521 milyon manat əməliyyat mənfəəti, 372 milyon manat xalis mənfəət əldə edib və həmin dövrdə 84.6 milyon manat məbləğində mənfəət vergisi ödəyib.

Monetar göstəricilərdə də artım qeydə alınıb. Mart ayında manatla geniş pul kütləsi (M2) illik müqayisədə 12.5% artaraq 40 milyard manata yüksəlib. Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlindən 467 milyon manat azalaraq 2.79 milyard manat olub. Bu azalma əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesabları və xarici bankların qısamüddətli depozitləri üzrə öhdəliklərin aşağı düşməsi ilə əlaqələndirilir.

Ödənişlər sektorunda kart infrastrukturunun genişlənməsi davam edib. Banklar və “Azərpoçt” üzrə dövriyyədə olan ödəniş kartlarının sayı bir ay ərzində 62 min artaraq 22 milyon 409 min ədədə çatıb. Göstərici illik müqayisədə 10% yüksəlib. Debet kartlarının sayı 12% artdığı halda, kredit kartları 9% azalıb.

Kartların artımı nağdsız ödənişlərə də müsbət təsir göstərib. Mart ayında ölkədaxili nağdsız əməliyyatların həcmi illik müqayisədə 46% artaraq 9.56 milyard manat olub. Bunun 8.29 milyard manatı elektron ticarətin, 1.27 milyard manatı POS-terminalların, 2 milyard manatı isə özünəxidmət terminalları və ATM-lərin payına düşüb. İlin əvvəlindən nağdsız əməliyyatların xüsusi çəkisi ölkədaxili kart əməliyyatlarının 69.7%-nə çatıb.

Kart və ödəniş infrastrukturu da genişlənib. Ötən ilin mart ayı ilə müqayisədə bankomatların sayı 6.3%, POS-terminalların sayı isə 46% artıb.

Seçilən
40
1
banker.az

2Mənbələr