AZ

“Piyadaların həyatını itirməsi təsadüfi deyil" – Adil Nəbiyev

Paytaxtın intensiv hərəkətli ərazilərində piyadaların təhlükəsizliyi yenidən ciddi müzakirə mövzusuna çevrilib. Nizami rayonu, Heydər Əliyev prospektində – “Koroğlu” metro stansiyası yaxınlığında baş verən son faciə göstərir ki, çoxzolaqlı və sürətli nəqliyyat axınının olduğu yollarda piyada keçid qaydalarına əməl olunmaması ağır nəticələrə gətirib çıxarır.

Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev QHT.az-a açıqlama verib.

 A.Nəbiyevin sözlərinə görə, paytaxtın əsas magistral yollarında piyadaların həyatını itirməsi sistemli problemlərin nəticəsidir: "Paytaxtın əsas magistral yollarında, xüsusilə çoxzolaqlı və yüksək sürət rejimli ərazilərdə piyadaların həyatını itirməsi təsadüfi deyil, bu, sistemli problemlərin nəticəsidir. İlk növbədə, sürət həddinin yüksək olması və sürücülərin bu həddi tez-tez aşması qəza zamanı zərbənin ölümcül olma ehtimalını kəskin artırır".

Adil Nəbiyev bildirib ki, piyada infrastrukturunun zəifliyi insanları riskə atır: "İkinci mühüm amil isə piyada infrastrukturunun yetərsizliyi və ya əlçatmazlığıdır – yerüstü keçidlərin uzaq məsafədə yerləşməsi, yeraltı keçidlərin baxımsız və ya narahat olması insanları riskli şəkildə yolu birbaşa keçməyə sövq edir. Əlavə olaraq, gecə saatlarında zəif işıqlandırma, yol nişanlarının və nişanlanmanın kifayət qədər aydın olmaması sürücünün piyadanı vaxtında görməsini çətinləşdirir".

Ekspert vurğulayıb ki, insan faktoru da riskləri artıran əsas səbəblərdəndir: "Paralel olaraq, həm piyadalar, həm də sürücülər arasında yol hərəkəti mədəniyyətinin zəifliyi, tələskənlik və diqqətsizlik (telefon istifadəsi kimi) riskləri daha da artırır. Bu problemlərin həlli üçün kompleks yanaşma vacibdir; infrastruktur baxımından yeraltı və yerüstü keçidlər daha sıx, rahat, təhlükəsiz və cəlbedici edilməli, magistral yollar boyunca piyada səddləri (barrierlər) quraşdırılmalı, işıqlandırma gücləndirilməli, sürəti avtomatik ölçən kameralar və ağıllı idarəetmə sistemləri genişləndirilməlidir".

A.Nəbiyevin fikrincə, nəzarət mexanizmləri gücləndirilməlidir: "Nəzarət sahəsində sürət həddinin pozulmasına görə cərimələr daha sərt və qaçılmaz olmalı, təkrar pozuntular üçün daha ciddi sanksiyalar tətbiq edilməlidir. Maarifləndirmə istiqamətində isə davamlı sosial kampaniyalar, məktəblərdə və ictimai məkanlarda təlimlər, real hadisələr üzərindən hazırlanan vizual materiallar vasitəsilə həm sürücülərə, həm də piyadalara risklər açıq şəkildə izah edilməlidir".

Ekspert qeyd edib ki, piyadalara cərimə məsələsi balanslı yanaşma tələb edir: "Piyadalara cərimə məsələsinə gəldikdə isə, bu, tamamilə rədd edilməli yanaşma deyil, lakin əsas vurğu cərimədən çox təhlükəsiz davranışın təşviqinə yönəlməlidir, yəni cərimə yalnız sistemli qayda pozuntuları üçün tətbiq olunmalı, paralel olaraq insanların qaydalara əməl etməsini asanlaşdıran şərait yaradılmalıdır, çünki insanları cərimə ilə deyil, təhlükəsiz və məntiqli mühitlə düzgün davranışa yönəltmək daha davamlı nəticə verir".

Fatimə Nəbiyeva

Seçilən
29
qht.az

1Mənbələr