İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Sahibkarlar günü"nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilir.
“İki sahil” xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edirlər.
Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və artıq qeyri-neft-qaz sektoru iqtisadi artımın başlıca drayverinə çevrilib.
Həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatında şaxələndirmə istiqamətində mühüm nəticələr əldə olunub. Qeyri-neft-qaz sektorunun ÜDM-də payı əhəmiyyətli dərəcədə artıb.