Məsələyə münasibət bildirən Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa vurğulayıb ki, Avropa İttifaqı ölkələrinin son dövrlər Azərbaycana artan marağı qlobal geosiyasi reallıqlardan qaynaqlanan strateji zərurətdir. Onun fikrincə, bu tendensiya ölkəmizin etibarlı enerji tədarükçüsü kimi mövqeyinin möhkəmlənməsi, Cənub Qaz Dəhlizi və yaşıl enerji layihələri ilə Avropanın enerji xəritəsindəki çəkisinin artması, habelə "Orta Dəhliz" çərçivəsində mühüm logistik qovşağa çevrilməsi ilə bağlıdır.
Komitə sədri qeyd edib ki, Avropa ölkələrinin Azərbaycanla əlaqələri genişləndirməsi həm yeni iqtisadi marşrutlara olan ehtiyac, həm də regional sabitliyin qorunması amili ilə birbaşa bağlıdır. Azərbaycan bu gün Avropa üçün investisiya baxımından cəlbedici və proqnozlaşdırıla bilən tərəfdaşdır. Yüksək səviyyəli səfərlər və keçirilən biznes forumlar dövlətlərarası əlaqələri müdafiə sənayesi və sənaye kooperasiyası kimi sahələrdə daha praktik müstəviyə daşıyır.
Fazil Mustafa yekun olaraq vurğulayıb ki, Azərbaycan-Çexiya münasibətlərindəki mövcud dinamika ölkəmizin beynəlxalq arenada artan strateji önəminin göstəricisidir: "Bu əlaqələr həm siyasi dialoqun dərinləşməsi, həm də iqtisadi əməkdaşlığın praktik müstəvidə yeni mərhələyə keçməsi baxımından mühüm əhəmiyyət kəsb edir".