AZ

Nizamnamə kapitalı az olan bankları hansı risklər gözləyir?

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bank sektorunda bu ilin birinci rübü üzrə nizamnamə kapitalına görə banklar arasında fərqli mənzərə yaranıb. “Bank of Baku” ASC 52,9 milyon manat kapital ilə ən aşağı göstəriciyə malik bank olub. Onu 55,4 milyon manatla “Yapı Kredi Bank Azərbaycan” QSC və 60 milyon manatla “Azərbaycan Sənaye Bankı” izləyib.

Siyahıda ən yüksək göstərici isə 1 milyard 281,3 milyon manatla “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsusdur.

Nizamnamə kapitalı nədir və bank sektorunda onun aşağı və yuxarı həddi varmı?

İqtisadçı Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, nizamnamə kapitalı bankların təsis edilməsində istifadə olunan ilkin sərmayədir. Sadə dillə desək, bu, bankın təsisçilərinin və səhmdarlarının başlanğıcda qoyduğu vəsaitdir; bankın bünövrəsi, əsas fundamenti kimi çıxış edir.

Bu kapital bankın öhdəlikləri qarşısında ilkin təminat rolunu oynayır, risklərin minimuma endirilməsinə xidmət edir və bankın hansı miqyasda əməliyyatlar apara biləcəyini dolayısı ilə müəyyənləşdirir. Yəni bankın maliyyə “dayanıqlılıq gücü”, əsasən, bu göstərici ilə bağlıdır.

"Azərbaycan Respublikasında bank sektorunda minimum nizamnamə kapitalı tələbini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir və nəzarətdə saxlayır. Bu, prudensial qaydalar və bank sektorunu tənzimləyən normativ aktlarla tənzimlənir. Hazırda bank olmaq üçün tələb olunan minimum kapital həddi təxminən 50 milyon manat səviyyəsindədir”-deyən iqtisadçı bildirib ki, minimum hədddən yuxarı kapitalın olması bankın fəaliyyətinə daha müsbət təsir göstərir. Kapital nə qədər yüksəkdirsə, bank bir o qədər geniş kredit portfeli formalaşdıra bilir, iri layihələrin maliyyələşdirilməsində iştirak imkanları artır və ümumi inkişaf potensialı genişlənir.

Əksinə, aşağı nizamnamə kapitalına malik banklarda bir sıra məhdudiyyətlər yaranır. Belə banklar daha az risk götürmək məcburiyyətində qalır, kredit portfeli məhdud olur və iri maliyyə layihələrində iştirak imkanları azalır. Bu isə bankın gəlirliyinə və inkişafına birbaşa təsir edir.

Mərkəzi Bankın prudensial tələblərinə əsasən, kapital səviyyəsi aşağı olan banklar daha həssas vəziyyətdə olur. Bu halda problemli kreditlərin artması, likvidlik riskləri və bazar şoklarına qarşı dayanıqlılığın zəifləməsi kimi risklər ortaya çıxa bilər. Praktikada bəzi bankların məhz bu səbəblərdən bazardan çıxması və ya fəaliyyətini dayandırması halları da müşahidə olunub.

Sistem əhəmiyyətli və kapitalı yüksək olan banklar isə daha dayanıqlı olur: “Məsələn, belə banklar daha iri müştərilərlə işləyə bilir, daha aşağı maliyyə resurslarına çıxış əldə edir və kredit portfelini daha təhlükəsiz şəkildə genişləndirə bilir. İqtisadi böhran və ya bazar şokları zamanı bu banklar daha davamlı mövqe nümayiş etdirir.

Mərkəzi Bank eyni zamanda istehlakçıların və bank sisteminin təhlükəsizliyini qorumaq məqsədilə nəzarət funksiyasını həyata keçirir. Əgər bankın kapitalı minimum səviyyəyə yaxınlaşarsa, əlavə kapital artırılması tələbi qoyula bilər və ya müəyyən əməliyyatlara məhdudiyyət tətbiq edilə bilər. Bu mexanizm həm bazarın sabitliyini, həm də maliyyə sisteminin sağlamlığını qorumağa xidmət edir”.

İqtisadçı qeyd edib ki, son illərdə Azərbaycanda bank sektorunda beynəlxalq standartlara uyğun islahatlar həyata keçirilmişdir. Xüsusilə “Bazel III” standartlarının tətbiqi, risklərin idarə olunması və korporativ idarəetmə sahəsində yeni tələblərin müəyyənləşdirilməsi bank sisteminin dayanıqlığını artırmışdır.

Bu baxımdan, nizamnamə kapitalı yalnız formal bir göstərici deyil, həm də bankın sabitliyi, təhlükəsizliyi və inkişaf potensialını müəyyən edən əsas maliyyə dayaqlarından biridir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
bizimyol.info

1Mənbələr