Son illərdə ölkədə baş verən sel və daşqınların yaratdığı təhlükə və fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən mühüm maliyyə resursları ayrılır. Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə bu istiqamətdə ümumilikdə 85 milyon manatdan artıq vəsaitin ayrılması risklərin azaldılması və infrastrukturun möhkəmləndirilməsi üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə şərait yaradır. Ayrılan vəsaitlərin səmərəli və şəffaf istifadəsinin təmin olunmasında isə QHT-lərin ictimai nəzarət mexanizmləri xüsusi əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı "Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlama verib.
İ.Hüseynlinin sözlərinə görə, ayrılan böyük məbləğin müxtəlif dövlət qurumları arasında bölüşdürülməsi və istiqamətləndirilməsi vurğulanır: "Qeyd olunan məbləğ — 85 869 000 manat — kifayət qədər böyük və ciddi rəqəmdir. Bu vəsait bir neçə dövlət qurumu arasında bölüşdürülərək yönləndirilib: Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Su Ehtiyatları Agentliyi və digər qurumlar".
İlqar Hüseynli bildirib ki, vəsaitlərin düzgün istifadəsi Kür çayı ətrafında yaranan ciddi problemlərin həllinə real imkanlar yarada bilər: "Əgər bu məbləğ təyinatı üzrə düzgün xərclənərsə, bir sıra ciddi problemlərin aradan qaldırılması üçün real imkanlar yarada bilər. Hazırda məlum olduğu kimi, Kür çayı ilə bağlı ciddi problemlər mövcuddur. Çay məcrasından çıxaraq İmişli, Zərdab, Salyan və digər rayonlarda həm əkin sahələrinə, həm də fərdi yaşayış evlərinə ciddi ziyan vurur".
Sədr vurğulayıb ki, infrastruktur layihələri və su idarəetmə sistemləri ekoloji və sosial problemlərin həllində mühüm rol oynaya bilər: "Bu baxımdan bəndlərin bərpası və yenidən qurulması, eləcə də nasos stansiyalarının tikilməsi və su ötürücü sistemlərin yaradılması xüsusi əhəmiyyət daşıyır. Məsələn, vaxtilə Kür çayından Hacıqabul gölünə intensiv şəkildə su ötürülürdü. Lakin hazırda həmin göl demək olar ki, tamamilə quruyub və bu vəziyyət ciddi ekoloji böhrana səbəb olub".
O qeyd edib ki, nasos stansiyaları vasitəsilə su ehtiyatlarının idarə olunması ekoloji tarazlığa töhfə verə bilər: "Əgər kifayət qədər güclü nasos stansiyaları mövcud olsaydı, Kürdə yaranan daşqın sularından istifadə edərək suyun bir hissəsini fasiləsiz şəkildə Hacıqabul gölünə yönləndirmək və müəyyən dərəcədə su ehtiyatlarını bərpa etmək mümkün olardı. Bu, sadəcə bir nümunədir".
Mütəxəssis əlavə edib ki, vəsaitlərin şəffaf və nəzarətli xərclənməsi korrupsiya risklərinin azaldılması baxımından vacibdir: "Bütün bunları nəzərə alaraq, ayrılan vəsaitlərin xərclənməsi üzərində ciddi nəzarətin təmin olunması vacibdir. Təəssüf ki, bəzən dövlət büdcəsindən ayrılan vəsaitlər korrupsiya halları ilə müşayiət olunur — smetaların şişirdilməsi və vəsaitlərin mənimsənilməsi kimi problemlər müşahidə edilir".
İ.Hüseynlinin sözlərinə görə, kompensasiya ödənişləri və sosial tədbirlər zərərçəkmiş vətəndaşların vəziyyətinin yaxşılaşdırılmasına xidmət edə bilər: "Bu səbəbdən vəsaitlərin şəffaf və nəzarətli şəkildə istifadə olunması həm səmərəliliyi artırar, həm də mövcud problemlərin həllinə əhəmiyyətli töhfə verə bilər. Məlumata görə, artıq zərər çəkmiş evlər üçün kompensasiya ödənişləri də nəzərdə tutulub. Bu isə xüsusilə Bakı şəhərində və ətraf ərazilərdə sel və yağış sularından zərər görmüş, evləri dağılan vətəndaşların mənzil təminatının yaxşılaşdırılması baxımından müsbət nəticələrə gətirib çıxara bilər".
Fatimə Nəbiyeva