Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Naxçıvanın ölkə iqtisadiyyatında payı artır və bu tendensiyanın gələcək illərdə daha da sürətlənəcəyi proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin təmin edilməsi bu baxımdan bölgənin daha sürətli inkişafına əhəmiyyətli töhfə verəcək:
"Naxçıvanın iqtisadi potensialının artması və ölkə iqtisadiyyatındakı rolunun güclənməsi gözlənilir. Hesab edirik ki, Zəngəzur dəhlizinin açılması bu istiqamətdə birmənalı şəkildə müsbət təsir göstərəcək. Eyni zamanda, qabaqlayıcı addım kimi dövlət tərəfindən vergi güzəştlərinin tətbiqi və xüsusi vergi rejiminin formalaşdırılması da bu prosesə əlavə stimul yaradır. Həyata keçirilən bu addımlar bölgədə iqtisadi fəallığın artmasına və investisiya mühitinin yaxşılaşmasına xidmət edir", deyə nazir qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, sahibkarlardan gözləntilərdən biri məhsuldarlığın artırılmasıdır: "Bunun əsas şərti bilikli və bacarıqlı kadrlardır. Eyni zamanda, müəssisələrin texnoloji səviyyəsinin yüksəldilməsi və uzunmüddətli layihələrə sərmayə qoyuluşu da mühüm amillərdəndir. Sahibkarların ixrac imkanlarının genişlənməsi üçün nəqliyyat xərclərinin müəyyən hissəsinin dövlətin qarşılaması nəzərdə tutulur. Hazırda Ələt azad iqtisadi zonası, sənaye parkları, işğaldan azad olunmuş ərazilərdə vergi güzəştləri qüvvədədir. Bundan əlavə, bu ildən Naxçıvan Muxtar Respublikasında 10 illik vergi güzəştləri tətbiq edilir".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.