AZ

ANAMA maarifləndirmə tədbirlərini davam etdirir  

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən növbəti silsilə tədbirlər Ağdam, Ağcabədi, Xocavənd və Goranboy rayonları ərazilərində təşkil olunub.

Bu barədə AZƏRTAC-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, maarifləndirmə tədbirlərində ANAMA, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi, yerli icra hakimiyyəti strukturlarının rəsmiləri, habelə vətəndaşlar, müxtəlif sahələrdə çalışan işçilər və işəgötürənlər iştirak ediblər.

Keçirilən tədbirlərin əsas məqsədi işğaldan azad edilmiş və riskli ərazilərdə fəaliyyət göstərən və məskunlaşan vətəndaşların partlayıcı sursatların yaratdığı təhlükələr barədə məlumatlandırılması, təhlükəsiz davranış qaydaları, konservasiya edilərək çəpərlənmiş ərazilərin mahiyyəti, xəbərdaredici nişanların əhəmiyyəti barədə biliklərin artırılmasından ibarətdir.

Görüşlər zamanı bildirilib ki, çəpərlənmiş və ya xəbərdarlıq nişanları ilə işarələnmiş sahələrə daxil olmaq həyati təhlükə yaradır və bu qaydalara ciddi əməl olunmalıdır. Çəpərlənmiş ərazilərə qanunsuz müdaxilələr, təsərrüfat fəaliyyətinin davam etdirilməsi və ya baryerlərin sökülməsi təkcə dövlət qurumlarının işinə maneə deyil, həm də insan həyatı üçün birbaşa riskdir.

Qeyd edək ki, maarifləndirmə tədbirlərinin keçirilməsi mina hadisələrinin minimuma endirilməsi və təhlükəsiz mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Seçilən
39
4
azerbaijan-news.az

5Mənbələr