AZ

AFFA "Sabah" - "Qarabağ" oyunu ilə bağlı qərarları niyə açıqlamır? - Erkin Hüseynov susdu...

Aprelin 21-22-də keçirilən "Zirə" - "Turan Tovuz" və "Sabah" - "Qarabağ" oyunlarıyla ölkə kubokunda yarımfinal mərhələsi geridə qaldı. Bəlli oldu ki, finalda "Sabah"la "Zirə"nin duelinə şahidlik edəcəyik.

Həmin vaxtdan artıq bir həftə ötsə də, AFFA İntizam Komitəsinin bu qarşılaşmalarla bağlı qərarı açıqlanmayıb. Əlbəttə, futbol ictimaiyyəti həmin xəbəri səbrsizliklə gözləyir. Azı ona görə ki, "Sabah" - "Qarabağ" matçından sonra baş hakim Rəvan Həmzəzadənin qonaqların futbolçuları Xoni Montiel, Musa Qurbanlı, xüsusən də Marko Yankoviç ilə yaşadığı münaqişənin komitə tərəfindən necə dəyərləndiriləcəyi hamıya maraqlıdı. Düzdü, mətbuatda bu məsələylə bağlı xəbərlər tirajlanıb. İddia edilib ki, AFFA məhz baş hakimi ölümlə hədələyən, hakimlər otağına qədər gedib Həmzəzadəyə fiziki güc tətbiq etmək istəyən Yankoviçi ağır şəkildə cəzalandırmaq istəyir.

Bəs, cəzalar, cərimələr niyə açıqlanmır? Bu sualla AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynova müaraciət etsək də, cavab ala bilmədik. Görünür, komitə ya məsələnin unudulmasını gözləyir ki, emosiyalar tam soyuyandan sonra hərəkətə keçsin, ya da həqiqətən ədalətli qərar vermək müşkülə çevrilib. Hər halda, bizə bir qədər də gözləmək qalır...

KƏNAN BAHADIR

Seçilən
34
1
football-plus.az

2Mənbələr