AZ

Akvarium balıqları göllər üçün təhlükəlidir

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Akvarium və dekorativ hovuz sahiblərinin təbiətə buraxdığı qızıl balıqların şirin su gölləri üçün ciddi ekoloji təhlükə yaratdığı müəyyən olunub. ABŞ ekoloqlarının apardığı yeni araşdırma göstərir ki, bu invaziv növ yerli ekosistemləri dəyişdirir, suyun keyfiyyətini pisləşdirir və bioloji tarazlığı pozur.

Mütəxəssislərin sözlərinə görə, qızıl balıq (Carassius auratus) təbii şəraitdə onillərlə yaşaya, uzunluğu isə 45 santimetrə qədər çata bilir. Bioloqlar onu uzun müddətdir invaziv növ hesab etsələr də, su hövzələrinə təsir mexanizmi indiyədək tam aydın deyildi.

“Journal of Animal Ecology” jurnalında dərc olunan tədqiqat çərçivəsində alimlər 32 süni göl modeli yaradıblar. Hər bir rezervuara qum, yarpaq qatı, fitoplankton, xırda xərçəngkimilər, ilbizlər və digər canlılar yerləşdirilib. Modellərin bir hissəsində su təmiz saxlanılıb, digər hissəsinə isə azot və fosfor əlavə edilərək çirklənmiş göl şəraiti yaradılıb.

Daha sonra bu ekosistemlərə həm yerli balıq növləri, həm də qızıl balıqlar buraxılıb. Təcrübə 61 gün davam edib. Nəticələr göstərib ki, qızıl balıq olan çirklənmiş su hövzələrində su bulanıqlaşıb, qeyri-üzvi çöküntülər 81 faiz artıb, işıq keçirmə qabiliyyəti isə 65 faiz azalıb. Bunun əsas səbəbi balıqların qida axtararkən dib çöküntülərini qarışdırması olub.

Araşdırma, həmçinin göstərib ki, qızıl balıqlar dibdə yaşayan sapvari yosunların təxminən 90 faizini məhv edib. Bu isə qida zəncirində domino effekti yaradaraq fitoplanktonun sürətlə çoxalmasına və su hövzələrinin “çiçəklənməsinə” səbəb olub.

Yerli fauna da ciddi zərər görüb. Xərçəngkimilərin sayı 89–94 faiz azalıb, dib canlılarının populyasiyası isə təxminən 70 faiz geriləyib. Yerli balıqlar isə qida çatışmazlığı səbəbindən arıqlayıb və zəifləyib.

Alimlər bildirirlər ki, süni modellər iri göllərin bütün xüsusiyyətlərini əks etdirməsə də, nəticələr qızıl balığın təbiətə buraxılmasının təhlükəli nəticələrini aydın göstərir. Ekoloqlar zoomağazalara alıcıları bu risk barədə açıq şəkildə məlumatlandırmağı tövsiyə edirlər.

Hazırladı:

S.ELAY

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
1
xalqqazeti.az

2Mənbələr