Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı, QHT rəhbəri Sahib Məmmədov metronun "Nizami" stansiyasının yaxınlığında planlaşdırılan "B-5" stansiyasının tikintisini məqsədəuyğun hesab etmədiyini bildirib...
S.Məmmədov bildirib ki, həmin ərazi yeraltı suların aktiv zonasıdır. Onu sözlərinə görə, ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir.
"Son dərəcə böyük xərc tələb edən səmərəsiz və təhlükə yarada bilən layihədir.", - S.Məmmədov deyib.
Poliqon xəbər verir ki, məsələ ilə əlaqədar "Bakı Metropoliteni" QSC-dən Trend-ə bildirilib ki, 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında Bakı metropoliteninin inşası nəzərdə tutulan 10 stansiyasından 6-sı Bənövşəyi xətdə yerləşəcək. Əsas məqsəd şəhərin şimal istiqamətindən başlanan metro xəttinin mərkəzdən keçməklə paytaxtın şərqinə doğru uzadılmasıdır.
"Bakıda nəqliyyat təhlilləri, həmçinin rəqəmsal əkiz modeli əsasında toplanmış məlumat bazası, simulyasiyalar da prioritet məsələlər sırasında bu xəttin uzadılmasının xüsusi əhəmiyyətini əyani nümayiş etdirib.
Layihə adı "B-5" olan stansiya Bənövşəyi xəttin üzərində yerləşəcək və Yaşıl xəttin "Nizami" stansiyasına keçid inşa ediləcək. Metro prinsiplərində xətlərdən bir-birinə keçidlər sərnişin axının tənzimlənməsi, insanlara daha çeşidli, uyğun və rahat nəqliyyat şəraitinin yaradılması, nəqliyyat inteqrasiyasının optimallaşdırılması və genişləndirilməsinə imkan verir. Bundan savayı bu keçidlə "Nizami" stansiyasında dərin özüllü stansiyalar üçün mühüm əhəmiyyət kəsb edən ikinci çıxışı da təmin edəcək".
Qurumdan qeyd edilib ki, Bakının mürəkkəb hidrogeoloji şəraiti ilə seçilən ərazisində yerləşməsi nəzərə alınaraq layihələndirmə zamanı stansiyanın və tunellərin tikintisində geoloji quruluş, habelə dərinlik və digər məsələlərin hər biri xüsusi nəzərə alınıb, mümkün risklər qiymətləndirilib:
"Bu xüsusda "Nizami-28 May" mənzilinin 50 ilə yaxın istismar dövründəki təcrübəsi, təsirləri və texnoloji amillər xüsusi öyrənilib. Həmçinin bununla əlaqədar dünya tunelqazma praktikası və müasir texnologiyaları, istifadə olunan qazma və inşaat üsulları, inşaatdan sonrakı istismar təcrübələri əsaslı şəkildə araşdırılaraq təhlilləri aparılıb.
Tunel və stansiya qazıntısında müasir texnologiyalar və üsulların daha mürəkkəb geoloji strukturu olan mühitdə tətbiqi inşaat işlərinin təhlükəsiz aparılmasının mümkünlüyünü təsbit edib.
"B-5" stansiyasının və ərazidən keçən tunellərin inşası zamanı bütün risklər nəzərə alınmaqla təhlükəsizliyi təmin edən ən aparıcı texnologiyalardan istifadə olunacaq".
Poliqon.info