AZ

Nasaz maşınlar da sığortalanıb: Yoxlama aparılsa, daha nələr üzə çıxacaq...

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda bəzi dövlət təşkilatlarında istifadəyə yararsız nəqliyyat vasitələrinin sığortalanması, işlək avtomobillərin isə sığortasız qalması halları müəyyən edilib.

Bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir.Sənədə əsasən, təqdim edilmiş məlumatların təhlili göstərib ki, bəzi hallarda texniki cəhətdən nasaz və faktiki istifadədə olmayan nəqliyyat vasitələri sığortalanıb. 

Eyni zamanda, texniki baxımdan saz və istismarda olan nəqliyyat vasitələrinin icbari sığortasının təmin edilmədiyi faktlar da aşkarlanıb.

Bununla yanaşı, nəqliyyat vasitələrinin sığortası üzrə maliyyələşmə strukturunun təhlili nəticəsində bir çox təşkilat tərəfindən bu sahə üzrə xərclərin "Vahid Büdcə Təsnifatı"na uyğun icra edilmədiyi müəyyən olunub.

Qeyd edilib ki, bu kimi uyğunsuzluqlar həm maliyyə intizamının pozulmasına, həm də sığorta sistemində risklərin düzgün idarə olunmamasına səbəb olur.

Bu vəziyyət sığorta sistemində hansı idarəetmə boşluqlarını göstərir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında sığorta eksperti Vüsal Bədəlov bildirib ki,  nəzarət zəif olduqda büdcə vəsaitinin düzgün xərclənməsi ilə bağlı problemlər yaranır:

“Qanunvericiliyə əsasən, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası məcburidir, lakin burada sığorta müqaviləsi yalnız sığortalının müraciəti əsasında bağlanır. Nəticə etibarilə, sığortaçının əlində belə bir baza varsa belə, hər hansı müştərinin avtomobilinin yararlı və ya yararsız olmasını göstərən sistem yoxdur.

Buna görə də sığorta agentləri və sığorta şirkətləri sığortalının müraciəti əsasında avtonəqliyyat vasitəsi faktiki olaraq Azərbaycan Respublikası ərazisində qeydiyyatdadırsa, nəqliyyat vasitəsinin texniki pasportu varsa və sistem üzərindən inteqrasiyası mümkündürsə, həmin avtomobili sığortalayırlar. 

Baza sistemdə avtomobilin faktiki idarə olunub-olunmaması ilə bağlı hər hansı bənd yoxdur. Burada sığortaçının və yaxud sığorta şirkətinin prosesdə hər hansı rolu ola bilməz”.

Ekspert qeyd edib ki, büdcə təşkilatları üzrə aparılan yoxlamalarda, yəqin ki, yalnız avtomobillərin icbari sığortası ilə bağlı deyil, bir çox başqa qanun pozuntuları da müşahidə olunub:

“Bunların içində avtomobillərin sığortalanması prosesi də yer alır. Bu isə həmin təşkilatlardakı məsul şəxslərin öz işini qeyri-peşəkar görməsi, yaxud hər hansı şəxsi maraqlara xidmət etməsi kimi qiymətləndirilə bilər. 

Sığorta sektoru ümumilikdə, sığorta şirkətləri, sığortaçılar, sığorta agentləri, eləcə də sığorta bazarının tənzimləyicisi olan Mərkəzi Bank bununla bağlı hər hansı tədbir görə bilməz, belə bir öhdəliyi yoxdur. Burada məsuliyyət həmin təşkilatlara və onların fəaliyyətinə nəzarət edən dövlət qurumlarının üzərinə düşür.

Daha ciddi yoxlamalar aparılmalı, həmin təşkilatlara maliyyə ayrılarkən hansı nəqliyyat vasitələrinin saz, hansılarının nasaz olduğu əvvəlcədən müəyyənləşdirilməlidir. 

Buna uyğun maliyyə ayrılmalı və avtomobillər icbari qaydada sığortalanmalıdır. Gələcəkdə isə bu proses üzrə əlavə hesablamalar və yoxlamalar aparılmalıdır ki, belə məsul şəxslər öz işlərini daha məsuliyyətlə yerinə yetirsinlər”.

Gülər Həsənli

“Cebheinfo.az”

Açar sözlər:

sığorta Vüsal Bədəlov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
1
cebheinfo.az

2Mənbələr