Azərbaycan Prezidenti İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün ümumilikdə 85 milyon manatdan artıq vəsait ayırıb.
Mövzu ilə bağlı Deputat Vüqar Bayramov QHT.az-a açıqlama verib və Prezidentin sərəncamı ilə bağlı mövqeyini bildirib.
Vüqar Bayramov bildirib ki, son sərəncam dövlət qayğısını və sosial siyasətin prioritetliyini bir daha göstərir: Cənab Prezident tərəfindən imzalanmış son sərəncam, vətəndaşlarımıza dövlət qayğısını bir daha təsdiq edir və bir daha göstərir ki, Azərbaycanda həyata keçirilən siyasətin önündə məhz vətəndaşlarımızın təhlükəsizliyi, eləcə də sosial təminatının daha da gücləndirilməsi dayanır.
Deputat vurğulayıb ki, büdcə vəsaitlərinin istifadəsində ictimai nəzarət və şəffaflıq xüsusi əhəmiyyət daşıyır: Sözsüz ki, ümumilikdə tək bu vəsait deyil, büdcədən ayrılan vəsaitlərin xərclənməsində ictimai nəzarət və şəffaflıq da çox önəmlidir.
V.Bayramovun sözlərinə görə, rəqəmsal maliyyə sistemləri və elektronlaşma maliyyə nəzarətini daha da gücləndirir: Xüsusən də nəzərə almaq lazımdır ki, artıq bu istiqamətdə fundamental addımlar atılır. Bir məqamı da qeyd etmək lazımdır ki, rəqəmsal maliyyə informasiya sisteminin yaradılmasında məqsəd proseslərin elektronlaşdırılmasının həyata keçirilməsidir. Bununla da həm cari, həm də ictimai nəzarət daha da gücləndirilir.
Millət vəkili qeyd edib ki, həyata keçirilən islahatlar və elektronlaşma vəsaitlərin daha səmərəli istifadəsinə imkan yaradacaq: Ona görə də ictimai nəzarətin gücləndirilməsi, maliyyə vəsaitlərinin daha səmərəli istifadə olunması prioritetdir və hər zaman da prioritet olaraq qalmaqdadır.
Son dövrdə həyata keçirilən elektronlaşma və xüsusən də cari maliyyə nəzarəti ilə bağlı islahatlar həmin vəsaitlərin səmərəli istifadəsi üçün yeni imkanlar yaradacaq.
Fatimə Nəbiyeva