AZ

Qarabağdakı erməni kilsələri niyə sökülür: işğal dövründə tikilmiş çirkin məbədlər kimin üçün qorunmalıdır?  


Qarabağda "dağıdılmış" erməni kilsələri ilə bağlı Azərbaycan vətəndaşlarının mövqeyi artıq 99 faiz formalaşıb – erməni işğalı dövründə tikilmiş kilsələr sökülməlidir. Mənə tarixlə bağlı edilən müqayisə maraqlı gəldi: guya SSRİ sovet torpaqlarının işğalı dövründə almanların tikdiyi binaları qoruyub saxlamalı idi? Almanlar heç nə tikə bilmədilər, vaxt çatmadı. Bəs tiksəydilər? Əlbəttə, sökülməli idi.

Üstəlik, Qarabağda sonradan tikilmiş həmin kilsələrin estetik və memarlıq baxımından heç bir dəyəri yoxdur. Ermənistandan gətirilmiş qəbiristanlıq rəngli tutqun tuf daşları, 2019-cu ildə Müqəddəs Məryəmin Himayəsi şərəfinə tikilmiş zövqsüz və ağır görünüşlü nəhəng kilsə, həmçinin 2007-ci ildə inşa edilmiş Surb Akop adlı kasıb və darıxdırıcı görünüşlü balaca kilsə… Bu məbədlərdə azərbaycanlıların məhv edilməsi və erməni silahlarının qələbəsi üçün edilən dualar bizim hörmət etmək istədiyimiz tarix deyil.

Qarabağda bir nəfər də erməni qalmadığı halda bu məbədləri kim üçün saxlamaq lazımdır? Keçən il bölgədə qalan təxminən 20 erməni də çıxıb getdi. Əgər bu tikililərdən anbar kimi istifadə olunsa, deyəcəklər ki, “kilsəni anbara çeviriblər”. Qapısını bağlayıb saxlasaq, iddia edəcəklər ki, “təmir aparılmır, rütubətdən qiymətli divarlar məhv olur”. Bu tikililərin qorunması və normal vəziyyətdə saxlanılması da vəsait tələb edir. Ona görə sökülməli, yerlərində park salınmalıdır. Amma yaşayış binaları tikilməməlidir.

WhatsApp

Ermənilərdən bizə qalan əmlakın rasional istifadəsi məsələsinə gəlincə isə xatırladım ki, Qarabağda ermənilərin tikdiyi kiçik su elektrik stansiyaları hazırda Azərbaycan enerji sisteminin aktivlərinə daxil edilib və gəlir gətirir. Eyni zamanda Qarabağda ermənilər tərəfindən yaradılmış qızıl və mis filizi hasilatı müəssisələri də qorunub saxlanılıb və fəaliyyət göstərir.

İrəvandakı tənqidçilər, demək olar ki, hamısı Qarabağda Azərbaycan Respublikası mövcud olmayan dövrlərdə verilmiş tikinti icazələri mövzusunda istehza edirlər. Cavab isə sadə ola bilər: Azərbaycan Respublikası yox idi, amma həmin dövrün qanuni hakimiyyətləri var idi və onlar bu tikintilərə icazə vermişdilər. Qarabağda 1992–2020-ci illərdə ermənilərin tikdikləri isə hazırda Bakı həbsxanasında olan dövlət cinayətkarları tərəfindən təsdiqlənmişdi. Bizim bu məsələyə münasibətimiz də buradan qaynaqlanır.

Azərbaycanlıların dağıtdığı erməni tikililərinin sayı – əgər Qarabağdakı bütün keçmiş yaşayış fondunu hesablasaq – ermənilərin dağıtdıqlarından on min dəfə azdır. Ona görə də ermənilər sevinməlidirlər. Çünki “gözə-göz” prinsipi ilə yanaşsaq, qarşıda hələ çox iş var.

Kəmal Əli, jurnalist

Seçilən
37
musavat.com

1Mənbələr